CƏMİYYƏT
Ərzaq məhsullarının təhlükəsizliyi üzrə birinci beynəlxalq konfrans gələn il keçiriləcək
Bakı, 10 dekabr, AZƏRTAC
2019-cu il aprelin 23-24-də Əddis-Əbəbədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Səhiyyə Təşkilatı (DST) və Afrika İttifaqının təşkilatçılığı ilə bu strukturların Dünya Ticarət Təşkilatı (DTT) ilə birgə keçirəcəkləri Ərzaq məhsullarının təhlükəsizliyi və ticarət məsələləri üzrə beynəlxalq forum ərəfəsində ərzaq məhsullarının təhlükəsizliyi mövzusunda birinci beynəlxalq konfrans baş tutacaq.
AZƏRTAC DST-nin informasiya portalına istinadla xəbər verir ki, artıq ərzaq məhsullarının təhlükəsizliyi səviyyəsinin artırılması üçün mühüm olan fəaliyyət barədə təxirəsalınmaz beynəlxalq dialoqun vaxtı çatıb. Bu dialoq Əddis-Əbəbədə başlayacaq və Cenevrədə davam edəcək. Konfransda aparılacaq prioritet məsələlərin müzakirəsi müxtəlif sektorların və ölkələrin strategiyalarını ərzaq məhsulları təhlükəsizliyi üzrə standartlara uyğunlaşdırmağa, dayanıqlı inkişaf sahəsində məqsədə nail olmağa, BMT-nin qida problemləri ilə bağlı onillik fəaliyyət planı çərçivəsində tədbirləri gücləndirməyə imkan yaradacaq.
Hesablamalara görə, təhlükəli ərzaq məhsulları ildə 600 milyon qida mənşəli xəstəliklərin əmələ gəlməsinə səbəb olur, insan sağlamlığına və iqtisadiyyata təhlükə yaradır, zəif və marginallaşmış şəxslərə, xüsusən qadın və uşaqlara, silahlı münaqişələrdən əziyyət çəkən sakinlərə, miqrantlara mənfi təsir edir.
Birgə konfransın işində səhiyyə və kənd təsərrüfatı nazirləri, aparıcı ekspert-alimlər, tərəfdaş təsisatlar, həmçinin ərzaq məhsulları istehlakçılarının, istehsalçılarının və distribüterlərin nümayəndələri iştirak edəcəklər.
Məqsəd ərzaq məhsullarının təhlükəsizliyinə dair qlobal miqyasda cari və gələcək problemlərin həlli strategiyasını müəyyən etmək, 2030-cu ilədək olan dövrdə dayanıqlı inkişaf sahəsində gündəlikdə duran vəzifələr çərçivəsində ən yüksək siyasi dairələrin dəstəyini gücləndirməkdir.
Aramsız iqlim dəyişikləri, qlobal istehsal sistemi və ərzaq məhsulları tədarükü istehlakçılara, sənayeyə və bütövlükdə planetin özünə təsir göstərir. Bu dəyişikliklər ərzaq məhsulları təminatı sistemlərində özünü göstərə, ekoloji dayanıqlılıq və inkişaf üçün problemlər yarada bilər.