CƏMİYYƏT
Ərzaq satışı obyektlərində monitorinqlər davam edir
Bakı, 22 yanvar, AZƏRTAC
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ərzaq satışı obyektlərində monitorinqlər davam edir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində yanvarın 15-dən 21-dək ölkə ərazisində fəaliyyət göstərən 316 ərzaq satışı obyektində monitorinqlər aparılıb.
Monitorinq keçirilən 249 ərzaq satışı müəssisəsində ümumilikdə 429 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb, eyni zamanda, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.