CƏMİYYƏT
Arzu Babayeva: Milli parkların yaradılmasının əsas məqsədlərindən biri təbii sərvətlərin gələcək nəsillərə çatdırılmasıdır

Altıağac, 5 iyun, Leyla Muradzadə, AZƏRTAC
Bu gün Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar Altıağac Milli Parkında tədbir keçirilir. Bununla əlaqədar burada yay mövsümündə milli parklarda davranış qaydaları və s. mövzular ətrafında maarifləndirmə işləri aparılır. Tədbirin keçirilməsində əsas məqsədlərdən biri də milli parklarda ekoloji turizmin inkişafı, onların potensialının nümayiş etdirilməsidir.
Bunu AZƏRTAC-a Ümumdünya Ətraf Mühit Günü ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin rəis müavini Arzu Babayeva deyib.
“Bütün ictimaiyyət nümayəndələri və hər kəs ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq vəzifələri barədə məlumatlandırılmalıdır. Milli parkların yaradılmasının əsas məqsədi burada nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin, landşaftın, təbiət komplekslərinin mühafizəsindən əlavə, ekoloji turizmin inkişafı, ekoloji maarifləndirmə və təbii sərvətlərin gələcək nəsillərə çatdırılmasıdır”, - deyə A.Babayeva bildirib.