SİYASƏT
Arzu Nağıyev: Beynəlxalq təşkilatlar Ermənistandakı seçki oyununa obyektiv qiymət verilməlidir
Bakı, 10 dekabr, AZƏRTAC
Ermənistanda keçirilən parlament seçkilərində kütləvi qanun pozuntuları baş verdi. Narazılıqlar həddən artıqdır. Əsasən də Sarkisyanın rəhbər olduğu Respublika partiyası 5 faizlik baryeri keçə bilmədi. Səsvermədə çox az insan iştirak etdi, onlar da əsasən yaşlılar idi. Bu da onu göstərirdi ki, Ermənistanda insanlar Paşinyan hakimiyyətinə o qədər də inanmır və seçkilərin qeyri-şəffaf keçirildiyini bildikləri üçün səsvermədə iştirak etmirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Arzu Nağıyev bildirib.
Ekspert qeyd edib ki, Paşinyanın dövlət idarəçiliyindəki səriştəsizliyi onun mitinq siyasəti ilə dövləti idarə etmək istəyidir. Paşinyan özünü baş nazir etmək üçün bütün rıçaqlardan istifadə etdi. Qərb və Rusiya arasında oyunbazlıq edərək KTMT–yə qarşı çıxdı və onun nüfuzuna xələl gətirməyə çalışdı. Bundan başqa, Xaçaturyanın geri çağırılması, Koçaryanın həbsi, Dağlıq Qarabağa səfərlər, Rusiya əleyhinə bəyanatlar verməsi və Rusiya şirkətlərinin yoxlanılması kimi variantlar Paşinyanın əsas kredosu idi.
Siyasi ekspertin sözlərinə görə, seçkinin əvvəlcədən istənilən nəticəni verməsi üçün bütün addımlar atıldı, buna mane ola biləcək şəxslər, dairələr, təşkilatlar sıradan çıxarıldı. Paşinyan seçkinin nəticələrinin onun xeyrinə olması üçün əvvəlcədən konturları müəyyənləşdirmişdi. Əslində ermənisayaq "demokratiya" şəraitində keçirilən seçkilərdən bundan artığını gözləmək olmazdı. Küçə hərəkatı, boş vədləri ilə xalqın inamından sui-istifadə nəticəsində rəhbərliyə gələn Paşinyanın hakimiyyətini möhkəmləndirməsi üçün təşkilinə böyük səylə çalışdığı parlament seçkilərinin elə bu cür keçiriləcəyi gözlənilən idi. Ən parlaq qeyri-demokratik təzahür odur ki, bu seçki də Ermənistan cəmiyyətinin, ümumiyyətlə, seçki prosesinə itirilmiş inamını bərpa edə bilməyəcək. Ermənistan vətəndaşları nə Paşinyana, nə də onun partiyasına və gələcəyinə inanmır. Onun blokuna da səs verənlər əsasən mitinq siyasətinə aldananlardır. Sarkisyan özünə uyğun olan bir konstitusiya yaratmışdı, bu gün bunu Paşinyan davam etdirir.
Arzu Nağıyev bildirib ki, Ermənistanda keçirilən seçkilərlə bağlı dünyanın müxtəlif mərkəzləri, seçkilərin nəticələrini dəyərləndirən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT obyektiv mövqe ortaya qoymalıdır. İşğalçı ölkədə keçirilən seçki oyununa obyektiv qiymət verilməlidir.