CƏMİYYƏT
Arzu Səmədova: Qarşıdakı illərdə Katex şəlaləsi turizm marşrutlarından biri kimi qəbul edilə bilər
Bakı, 18 yanvar, AZƏRTAC
Hazırda Katex şəlaləsi Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir. Qoruq ərazisində ekoturizm fəaliyyətinə icazə verilmədiyindən şəlaləyə gedib baxmaq mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
“Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Zaqatala Biosfer Rezervatının yaradılması layihəsi həyata keçirilir. Layihə başa çatdıqdan sonra gələcək illərdə məhz həmin qoruğun bazasında rezervat yaradılacaq. Rezervat imkan verəcək ki, indiki qoruğun ərazisində ekoturizm fəaliyyəti həyata keçirilsin. Bu zaman çoxsaylı istəkləri nəzərə alaraq Katex şəlaləsi turizm marşrutlarından biri kimi qəbul edilə bilər. Təbii ki, bunun üçün müəyyən araşdırmalara ehtiyac var. Turizm sahəsində fəaliyyət göstərən həm yerli, həm də xarici ekspertlərin fikirləri bizim üçün önəmlidir. Gələcəkdə Katex şəlaləsinə marşrutun salınmasını nəzərdə tutmaq olar”, - deyə xidmətin rəsmisi qeyd edib.