CƏMİYYƏT
Aşağı seçki komissiyaları üzvlərinin bilik və bacarığının artırılması üçün treninqlər xüsusi önəm kəsb edir
Bakı, 13 mart, AZƏRTAC
Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıq məqsədilə 24 saylı Nizami I seçki dairəsi dairə seçki komissiyasında da maarifləndirici treninq təşkil olunub.
AZƏRTAC xəbər verir ki, treninqdə çıxış edən dairə seçki komissiyasının sədri Niyazi Nəcəfov prezident seçkilərində şəffaflığın və aşkarlığın təmin olunması üçün hər cür şəraitin yaradıldığını qeyd edib. Bildirib ki, məntəqə seçki komissiyaları zəruri avadanlıqlarla təchiz olunub.
Vurğulanıb ki, aşağı seçki komissiyaları üzvlərinin bilik və bacarığının artırılması üçün treninqlər xüsusi önəm kəsb edir.
Treninqdə məntəqə seçki komissiyalarının sədrləri, katibləri və üzvlərinin hüquq və vəzifələrindən danışılıb, səsvermənin nəticələri haqqında protokolun tərtib olunması qaydaları ətraflı izah edilib. Həmçinin seçki zamanı yerli və beynəlxalq müşahidəçilərin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin müşahidə aparması üçün lazımi şəraitin yaradılmasının vacibliyi vurğulanıb.
Sonda treninq iştirakçılarına “Seçki günü üçün yaddaş” kitabçası və bir sıra digər sənədlərin nümunələri verilib və onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 24 saylı Nizami I seçki dairəsi 31 məntəqəni əhatə edir.