REGİONLAR


Aşağı seçki komissiyalarının üzvləri Şəkidə treninqlərə cəlb edilib

Şəki, 29 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Bu il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərə hazırlıq çərçivəsində Şəki rayonunda fəaliyyət göstərən 113, 114 və 115 saylı seçki dairələrində aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir. Yanvarın 27-də başlanan treninqlərə hər üç seçki dairəsi üzrə, ümumilikdə, 690 nəfər komissiya üzvü cəlb edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 113 saylı Şəki şəhər seçki dairəsində keçirilən treninqlərdə dairənin tərkibinə daxil olan 29 seçki məntəqəsinin 174 nəfər komissiya üzvü iştirak edib. Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kursunda iştirak etmiş Tehran Əzizov və Elnur Mustafayev aparıblar. Təlim prosesində iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması məsələləri barədə metodiki məlumatlar verilib.

Dairə seçki komissiyasının sədri Rəhman Qədirzadənin sözlərinə görə, dairə üzrə 8 namizəd qeydə alınıb. Onlardan ikisi müxtəlif siyasi partiyaları təmsil edir. Altı nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb. Dairə üzrə indiyədək 321 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, seçicilərin ümumi sayı 37 min 223 nəfərdir.

114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə treninqlərə dairənin tərkibində olan 43 seçki məntəqəsindən 258 nəfər komissiya üzvü cəlb edilib. Dairə seçki komissiyasının üzvləri Azər Əhmədov və Adil Balacayevin tədris etdiyi məşğələlər zamanı vurğulanıb ki, seçkilərin demokratik və şəffaf keçirilməsi məntəqə seçki komissiyaları üzvlərinin fəaliyyətindən çox asılıdır. Ona görə də, komissiya üzvləri öz peşəkarlıq səviyyəsini, bilik və bacarıqlarını daha da artırmalı, seçki günü üzərlərinə düşən vəzifələri dəqiq bilməli və layiqincə yerinə yetirməlidirlər. Dairə üzrə 10 nəfərin namizədliyi qeydə alınıb. Onlardan bir nəfər siyasi partiyanı təmsil edir. Doqquz nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb. İndiyədək 467 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.

Aşağı seçki komissiyaları üzvləri üçün maarifləndirici treninqlər 115 saylı Şəki kənd ikinci seçki dairəsində də mütəşəkkil qaydada davam edir. Dairə seçki komissiyasının sədri Rasim Əzizovun bildirdiyinə görə, treninqlərə dairənin tərkibinə daxil olan 43 seçki məntəqəsinin 258 nəfər üzvü cəlb olunub. Məşğələləri seçki dairəsinin baş məsləhətçisi Leyla İbrahimova və aparıcı məsləhətçi Gülnarə Cəlilova aparırlar. Treninqlər yanvarın 30-da başa çatacaq.

Bu dairə üzrə namizədliyi qeydə alınan 8 nəfərdən biri siyasi partiyanı təmsil edir. Yeddi nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb.

Maarifləndirici treninqlər bölgədə fəaliyyət göstərən digər seçki dairələrində də başa çatmaq üzrədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.