İQTİSADİYYAT
“Asan İmza” Bakıda keçirilən “HSP Europe 2017” konfransının əsas mövzularından biri olub
Bakı, 31 mart, AZƏRTAC
“Asan İmza” Bakıda keçirilən Nəşrlərin Yüksək səviyyədə Mühafizəsi üzrə Pan-Avropa Konfransının (High Security Printing Europe-HSP Europe) əsas mövzularından biri olub.
“B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, ənənəvi keçirilən bu tədbir dövlət sənədlərinin hazırlanması, nəşri, verilişi və istifadəyə təqdim olunması məsələlərinə həsr olunur. Belə sənədlərə əsginas, müxtəlif maliyyə sənədləri, aksiz markaları, şəxsiyyət vəsiqələri, elektron pasportlar, vizalar, nəqliyyat vasitələri sənədləri və lisenziyalar, xüsusilə yol və identifikasiya sənədlərinin inkişaf edən texnologiyaları aid edilir.
“Asan İmza” mobil elektron imza xidmətinin operatoru hesab edilən “B.EST Solutions” şirkətinin rəhbəri Yana Krimpe tədbirdə “Azərbaycanda Mobil ID – növbəti nəsil Elektron hökumət üçün sizin mobil pasportunuzdur” mövzusunda çıxış edib. Açıq açarlar əsasında fəaliyyət göstərən “Asan İmza” texnologiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “Azexport.az” portalı ilə “Asan İmza”nın inteqrasiyası və ölkədə “Made in Azerbaijan” konsepsiyasının elan edilməsi - məruzənin əsas mövzusu olub. Bu gün portal Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyir və “Alibaba.com”, “Wholesale” və “All.biz” kimi dünya elektron ticarət şirkətləri ilə çalışır. Portal sayəsində ixracın artırılması, ölkəmizdə kiçik və orta biznes nümayəndələrinə bu məsələlərdə dəstəyin təşkil olunması, eləcə də yeni iş yerlərinin yaradılması planlaşdırılır. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı əsasında daxili ticarət əməliyyatlarının genişləndirilməsi və rəqəmsal ticarət habı (Digital Trade Hub of Azerbaijan) kimi “Azexport.az” portalının işinin gücləndirilməsi üzrə əlavə tədbirlər görülməkdədir.
“Asan İmza” mobil identitet və imza xidməti hər yerdə dövlət və özəl elektron xidmətlərə əlyetərliliyi təqdim edir və qanunvericilik səviyyəsində ümummilli identitetə bərabər tutulur. Həllin mobilliliyi və istifadədə rahatlılığı sayəsində “Asan İmza” vətəndaşlar və biznes mühitində kifayət qədər populyarlıq əldə edib və mobil hökumətin açar komponenti hesab edilməkdədir. Bundan əlavə, Azərbaycanın qeyri-rezidentləri üçün starta başlayan “еmResidency” proqramı sayəsində “Asan İmza”nın verilişi hər kəsə əlyetərli olacaq. Bu imkan xüsusilə xaricdə fəaliyyət göstərərək Azərbaycanda biznes qurmağa, ölkəyə investisiya qoymağa və lokal onlayn xidmətlərin bütün imkanlarından istifadə etməyə çalışan hər kəsə aid edilə bilər.
Bu gün “Asan İmza” əsasən dövlət xidmətlərinin qanuniləşdirilməsi zamanı istifadə edilir, ancaq eyni zamanda, Azərbaycanda bir çox qabaqcıl banklar özlərinin internet və mobil bankçılıq sistemlərinə “Asan İmza” texnologiyasını inteqrasiya ediblər. Bu isə bankların müştərilərinə onlayn tranzaksiyaların həyata keçirilməsində təhlükəsiz mühit yaradır. Bir sıra banklar “Asan İmza”nı özlərinin daxili elektron kargüzarlıq sistemlərində istifadə etməyə başlayıb. “Asan İmza” - “Şəxsi kabinet”lərə, ödəniş platformalarına, sığorta və digər onlayn sistemlərə giriş üçün universal və daha təhlükəsiz identifikator kimi əvəzedilməzdir.
Hazırda “B.EST Solutions” şirkəti və “Asan İmza” komandası Azərbaycan texnologiyasının qonşu ölkələrə ixracı istiqamətlərində gərgin və səmərəli işlər aparmaqdadır.
“Bundan əlavə, dövlət tərəfindən həyata keçirilən siyasət “Asan İmza”nın xaricdə də tanınaraq qəbul edilməsinə təsir göstərir”, – deyə Y.Krimpe qeyd edib.
Qeyd edək ki, 2016-cı ilin sonunda “B.EST Solutions” şirkəti və ISESCO arasında “ISESCO Bestdoc Portal” layihəsinin pilot fazasının tətbiqi haqqında saziş imzalanıb ki, burada ISESCO üçün ERİ-in (Elektron Rəqəmsal İmza) transsərhəd platformasının və elektron sənəd mübadiləsinin tətbiqi sazişin əsas predmeti olub. Bundan əlavə, 2017-ci ildə eyni vaxtda bir neçə ölkədə “Asan İmza” əsasında “Mobil ID” sertifikatlarının tətbiqi nəzərdə tutulub.