İQTİSADİYYAT
Əsas avtomobil yollarında hazırkı vəziyyət necədir?
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublika ərazisində mövcud hava şəraiti ilə bağlı əsas avtomobil yollarındakı vəziyyəti açıqlayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən növbəti məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda hazırda marşrutboyu zəif qar yağır, yolun Quba və Qusar ərazisindən keçən hissəsində 4 dərəcə şaxta var. Nəqliyyatın hərəkətinin təmin olunması istiqamətində yol qardan təmizlənir, enişlərə, həmçinin yoxuşlara duz-qum səpilərək nəqliyyatın hərəkəti təmin olunur.
Xınalıq istiqamətində yolboyu qar yağır, 8 dərəcə şaxta var. Yolun 35-37 kilometr hissələrində 0,6-1 metr arası qar var və bu qarın yoldan təmizlənməsi üzrə işlər yekunlaşmaq üzrədir.
Giləzi–Xızı yolunda zəif qar yağır, 5 dərəcə şaxta var. Gün ərzində yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində müvafiq işlər aparılıb, hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.
Bakı-Qobustan yolunda yağıntı yoxdur, güclü külək var. Şaxta 1-2 dərəcə təşkil edir. Yolun 35-45 kilometr hissəsində buzlaşma əmələ gəlib, hazırda bu hissədə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Qobustan-Şamaxı-Muğanlı yolunda gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Şamaxı rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 1-2 dərəcə şaxta var.
Muğanlı-Ağsu–Yevlax yolunun Muğanlı-Ağsu-Göyçay hissəsinə zəif qar yağır, yolda qar yoxdur, Ağsu dolaylarında 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Ələt-Hacıqabul yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Hacıqabul-Ucar–Yevlax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yağış, Ucar və Yevlax rayonundan keçən ərazilərdə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Yevlax-Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun Tovuz-Qazax hissəsində sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı–İsmayıllı yolunda qar yağır, 2-3 dərəcə şaxta var. Yolda qar yoxdur, kənarlarda qarın hündürlüyü 20-25 santimetr arasında dəyişir. Gün ərzində yol qardan təmizlənib, buz bağlamış sahələrinə, əsasən də meşə zolağından keçən hissələrə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunda qar yağır, İsmayıllı-Qəbələ rayonları ərazisində 1-2 dərəcə şaxta var. Yolda qar yoxdur, kənarlarda qarın hündürlüyü 10-25 santimetr arasında dəyişir. Gün ərzində yol qardan təmizlənib, buz bağlamış sahələrinə, eləcə də körpülərə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəki-Qax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi yolunda zəif qar yağır, yolda qar yoxdur, Şəki və Qax rayonları ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Yevlax–Şəki (Göybulaq) yolunda, Şəki rayonu ərazisində zəif qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Gəncə-Daşkəsən-Xoşbulaq yolunda marşrutboyu qar yağır. 5-6 dərəcə şaxta var. Yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Şəmkir-Gədəbəy yolunda marşrutboyu qar yağır, 4-5 dərəcə şaxta var. Yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi yolunun Lənkəran-Astara hissəsinə sulu qar və qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Masallı–Yardımlı yolunda qar yağır, şaxta yoxdur. Gün ərzində yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Lənkəran–Lerik yolunda qar yağır, Lerik rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul–Bəhrəmtəpə–Horadiz yolunda yağış və sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.