İQTİSADİYYAT
Əsas kapitala yönəldilən vəsaitin 70,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilib
Bakı, 16 aprel, AZƏRTAC
Cari ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 699,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərf edilmiş vəsaitin 70,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 6 faiz artıb.
Ümumi sərmayənin 64,3 faizi məhsul istehsalı obyektlərinin, 26,4 faizi xidmət sahələri üzrə obyektlərin, 9,3 faizi isə ümumi sahəsi 420 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 67,3 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,6 faiz, büdcə vəsaitləri 21,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,5 faiz, bank kreditləri 5 faiz, büdcədənkənar fondların vəsaitləri 0,8 faiz, sair vəsaitlər isə 0,3 faiz olub.