Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi artıb
AzerTAg.az

Bakı, 18 may, AZƏRTAC
Cari ilin yanvar-aprel aylarında əsas kapitala 4 milyard 580 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,1 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 25,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18,5 faiz artıb.
İstifadə olunmuş vəsaitin 2 milyard 620,2 milyon manatı və ya 57,2 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 702,5 milyon manatı (37,2 faizi) xidmət sahələrinə, 257,3 milyon manatı (5,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 344 milyon manatını və ya 73 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 252 milyon manatı və ya 71 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Xəbərin mətnində orfoqrafik səhv var