ELM VƏ TƏHSİL


“Əsas sosial-emosional bacarıqların inkişafı” proqramı üzrə təlimlərə başlanılıb

Bakı, 27 yanvar, AZƏRTAC

Təhsil İnstitutu BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə icra etdiyi “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəbəsaslı psixososial dəstəyin göstərilməsi - II mərhələ” adlı layihə çərçivəsində məktəb müəllimlərinin “Əsas sosial-emosional bacarıqların inkişafı” proqramı üzrə təlimlərə başlayıb. Layihə Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, ilk növbədə, hədəf qrupunun ehtiyaclarına əsasən təlim proqramı təkmilləşdirilib və təlimçi qrupunun hazırlanması məqsədilə seçilmiş namizədlər üçün təlim keçirilib.

Cari ilin yanvar ayından etibarən məktəb müəllimləri üçün eyni proqram əsasında “Microsoft Teams” platforması üzərindən 18 akademik saatlıq təlimlərin təşkil olunmasına başlanılıb. İlkin mərhələdə təlimlərdə Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Tovuz, Füzuli, Goranboy rayonları, Naftalan və Gəncə şəhərlərində ümumtəhsil müəssisələrində fəaliyyət göstərən 500-dən çox müəllim iştirak edib. Əsas hədəf layihə çərçivəsində şagirdlərin sosial-emosional bacarıqlarının inkişafına dəstək olmaq, onların psixoloji rifahını yaxşılaşdırmaq, stresin mənfi təsirlərini azaltmaq və pozitiv şagird-müəllim münasibətlərini təkmilləşdirməkdir.

Qeyd edək ki, aprel ayının sonuna qədər 2000 müəllimin təlimə cəlb olunması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.