CƏMİYYƏT


Əsassız əlillik təyin edənlərlə bağlı ciddi tədbirlər görülür

Bakı, 21 iyun, AZƏRTAC

Əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın və obyektivliyin təmin olunması işləri davam etdirilməklə yanaşı, eyni zamanda, bu sahədə qanunsuzluğa yol verənlərlə, əsassız əlillik təyinatlarına şərait yaradanlarla bağlı tədbirlər görülür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2018-2021-ci illərdə bu sahədə aparılan işlər çərçivəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Aparatının və tibbi-sosial ekspert komissiyalarının (TSEK) 19 əməkdaşı əmək funksiyalarının icrasında kobud nöqsanlara yol verdiklərinə görə vəzifələrindən azad edilib. Həmçinin onlar barədə hüquqi qiymət verilməsi üçün sənədlər aidiyyəti cinayət təqibi orqanlarına təqdim olunub. Bundan əlavə əlilliyin və sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsi zamanı obyektiv qərar qəbul etməmiş 11 nəfər TSEK əməkdaşı barəsində isə intizam tənbeh tədbirləri görülüb.

Beləliklə, əlilliyin qiymətləndirilməsində qanunsuz hərəkətlərə yol vermiş agentliyin 30 məsul əməkdaşı barədə ciddi tədbirlər görülüb. Həmçinin sənədlərin saxtalaşdırılması faktlarının araşdırılması məqsədilə 266 şəxs üzrə əlillik sənədləri də hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

Agentliyin 5 və 7 nömrəli tibbi-sosial ekspert komissiyasının sabiq sədrləri və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

5 nömrəli tibbi-sosial ekspert komissiyasının sabiq sədri Katib Məmmədov və digər əlaqəli şəxslərə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.3 (rüşvətalma külli miqdarda törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri saxtalaşdırma və istifadəetmə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

7 nömrəli tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləmiş Oruc Məmmədov Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvətalma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsirgöstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Bununla yanaşı vətəndaşların etibarından sui-istifadə etməklə onlara əlillik təyin ediləcəyi vədi ilə onların pul vəsaitlərini mənimsəmiş, habelə nazirliyin nüfuzuna xələl gətirən və digər vətəndaşlar barəsində də oxşar əməlləri istisna olunmayan iki vasitəçinin (dəllalın) hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq materiallar Baş Prokurorluğa göndərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.