ELM VƏ TƏHSİL
Əsgər Əhməd : İslam dini bəşəriyyəti hər cür zorakı əməldən çəkinməyə çağırır
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də Bakı Slavyan Universitetində (BSU) diplomatiya və xarici siyasət kafedrasının, “Azərbaycanşünaslıq” elmi tədqiqat laboratoriyasının, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin birgə təşkilatçılığı ilə “İslam dininin teoloji potensialında tolerantlıq ideyaları” mövzusunda elmi seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda BSU-nun müəllimi, fəlsəfə elmləri doktoru Əsgər Əhməd geniş məruzə ilə çıxış edib. O, İslamın bütün xalqlara və insanlara hörmət və ehtiramla yanaşdığını, bu dinin bəşəriyyəti hər cür zorakı əməldən çəkinməyə çağırdığını bildirib. Məruzəçi fikrini “Quran”ın ayrı-ayrı ayələri ilə əsaslandırıb. O, “Maidə” surəsindən “Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik”, “Kafirun” surəsindən "Sizin dininiz sizə, mənim dinim mənə aiddir" ayələrini misal gətirərək bunun hələ VII əsrdə tolerantlığa bir çağırış olduğunu bildirib. Ə.Əhməd daha sonra peyğəmbərə aid olan hədisdən nümunə gətirərək İslam məntiqində bütün insanların bir kökdən yarandığını və buna görə heç kəsin heç kəsdən üstün olmadığını vurğulayıb: “Ey camaat, bilin ki, sizin Allahınız bir və ata ananız da birdir. Ərəbin qeyri-ərəbdən üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Qara dərili sarı dərilidən üstün deyildir”.
Məruzəçi “Quran” və sünnədə İslamın təbliğində zor və məcburiyyətin olmaması prinsipi üzərində xüsusilə geniş dayanıb. İslamın başqalarının fikirlərinə, inancına sayğı ilə yanaşması bəşər tarixinin ən humanist səhifəsi kimi dəyərləndirilib. Ə.Əhməd deyib: “Qurani-Kərim” əmr edir ki, Allahdan başqalarına tapınanları söyməyək, İslama dəvətdə zorakılığa yol verməyək, dəvət zamanı nəsihət və təbliğat yolunu tutaq və s. Bundan böyük tolerantlıq, dözümlülük ola bilməz!”.
Ə.Əhməd sonda müasir dünyanın artıq islamafobiyadan İslama etimada keçdiyini, sivilizasiyalarası düşmənçiliyin barışa, sülhə doğru irəlilədiyini vurğulayıb.
Sonda suallar cavablandırılıb.