REGİONLAR


“Əsgərə kitab” layihəsinə Xırdalan məktəbliləri də qoşulub

Xırdalan, 22 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Aprel döyüşlərinin iştirakçıları Xırdalan şəhərinə səfər ediblər. Səfər Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissənin və Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə həyata keçirilən “Əsgərə xatirə kitabı və xatirə sözləri” layihəsi çərçivəsində reallaşıb.

İlk olaraq, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşən döyüşçülər "Əsgərə xatirə kitabı" aksiyasında iştirak edən məktəblilərə təşəkkür məktublarını veriblər.

Layihənin rəhbəri, təhsil üzrə ekspert Nuranə Şıxəliyeva AZƏRTAC –a bildirib ki, Bakıdan başlayan “Əsgərə kitab” layihəsi ilk olaraq Xırdalan şəhərində davam edir. “Əziz əsgər qardaşım, Vətən sənə əmanət!” xatirə sözləri ilə yazılan kitabların hərbi hissələrə göndərilməsinə başlanılıb. Artıq 2400-dən çox kitab toplanaraq cəbhə bölgəsinə yola salınıb. Hər bir kitabın içərisində isə şagirdlərin əsgərlərimizə yazdıqları ürək sözləri yer alır.

Layihənin məqsədi məktəblilərin vətənpərvərlik mövzusunda kitabları toplayaraq cəbhə bölgəsində xidmət edən əsgərlərə yollamaqdır. Şagirdlər də bu layihəyə çox böyük maraq göstərirlər.

Məktəbin akt zalında təşkil olunan tədbirə əsgərlər də qatılıblar. Məktəbin direktoru Ədalət Camalova bildirib ki, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi günün aktual məsələsidir. Hərbi-vətənpərvərlik tərbiyəsinin faktlar və zəngin əyani vasitələr əsasında aparılması tərbiyə işinin bu mühüm sahəsi üzrə maraqlı forma və üsulları da meydana çıxarıb, məktəblərlə hərbi hissələr arasında əlaqələrin yaradılması daha da gücləndirilib.

Direktor çıxışının sonunda onu da vurğulayıb ki, məktəbin şagirdləri bu yaxınlarda Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edəcək, səfər çərçivəsində əsgər və zabitlərlə də görüşəcəklər.

Füzulidə yerləşən N saylı hərbi hissənin zabiti, polkovnik-leytenant Seymur Habibullahov vurğulayıb ki, şagirdlərin hərbi-vətənpərvərlik hisslərinin artırılmasında hərbçilərlə canlı ünsiyyət də mühüm rol oynayır. Hərbi dərslər zamanı şagirdlərin hərbi hissələrə aparılması və onların əsgərlərlə söhbətlər etməsi də yeniyetmələrin formalaşmasında, onların Vətənə bağlılığının artırılmasında və Vətənin, torpağın müdafiəsində durmaq kimi hisslərinin inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir. Bu cür layihələr Vətənə sevgi və vətənpərvər hisslərin aşılanmasında böyük rol oynayır.

Bir daha diqqətə çatdırılıb ki, aksiya mütəmadi olaraq davam edəcək. Toplanmış kitablar müxtəlif hərbi hissələrə göndəriləcək.

Görüşdə şagirdlərin ifasında Vətənə, millətə, dövlət atributlarına aid vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib, milli rəqslər, həmçinin səhnəciklər nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.