ORDU
“Əsgərə məktub” layihəsi çərçivəsində növbəti tədbir Samuxda keçirilib
Bakı, 30 may, AZƏRTAC
“Vətən uğrunda” səyyar təşviqat dəstəsi cəbhənin ön xəttində xidmət keçən hərbi qulluqçuların ruh yüksəkliyini daha da artırmaq məqsədilə “Əsgərə məktub” layihəsini Azərbaycanın müxtəlif regionlarında davam etdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti kütləvi-vətənpərvərlik tədbiri Samux Rayon İcra Hakimiyyətinin və Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Samuxdakı Heydər Əliyev parkında keçirilib.
İctimaiyyətlə ordumuz arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən layihə çərçivəsində görülən işlər və həyata keçirilən fəaliyyətlər barədə videoçarx nümayiş olunub.
Çıxış edənlər layihənin əhəmiyyətini vurğulayaraq bildiriblər ki, belə tədbirlərin keçirilməsinin məqsədi Vətəni qorumağa hər an hazır olan vətənsevər gənclər yetişdirmək, onlarda milli və hərbi vətənpərvərlik ruhunu gücləndirməkdir.
Sonra videobağlantı vasitəsilə və yazılı şəkildə Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə xoş arzular çatdırılıb.