“Əsgərin kitab rəfi” adlı kitab toplama aksiyası davam edir
AzerTAg.az
Bakı, 13 may, AZƏRTAC
Müdafiə Nazirliyi “İrəli” İctimai Birliyi ilə birgə tərəfdaşlıq çərçivəsində “Əsgərin kitab rəfi” adlı kitab toplama aksiyasına davam edir.
“İrəli” İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriliblər ki, aksiya çərçivəsində elmi, bədii, publisistik və digər janrlarda kitablar toplanacaq. Toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq.
Birlik bütün gəncləri, təhsil müəssisələrini, qeyri-hökumət təşkilatlarını, özəl sektor və media nümayəndələrini aksiyada fəal iştirak etməyə çağırır.
Qeyd olunub ki, kitab hədiyyə etmək istəyən şəxslər Bakı şəhəri üzrə “İrəli” İctimai Birliyinin ofisinə, regionlar üzrə isə Heydər Əliyev Mərkəzlərində yerləşən Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinə yaxınlaşa bilərlər.


Xəbərin mətnində orfoqrafik səhv var