ELM VƏ TƏHSİL


Əsgərlər müəllimlərinə təbrik məktubları ünvanlayıblar

Bakı, 4 oktyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə “N” saylı hərbi hissədə və Bakı Slavyan Universitetinin (BSU) məktəb-lisey kompleksində tədbir keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, bu qurumun və Qarabağ Regional Bilik Evinin birgə təşkilatçılığı ilə Tərtər rayonu “N” saylı hərbi hissədə təşkil olunan tədbirdə cəbhə bölgəsində qulluq edən əsgərlər məktəb illərini xatırlayıb, müəllimlərini yad edib, onlarla bağlı xatirələrini bölüşüblər.

Bilik Evinin rəhbəri Gülarə Ələkbərova müəllimliyin ən müqəddəs peşələrdən olduğunu bildirib, müəllimlərin də daim şagird və tələbələrini xatırladıqlarını söyləyib.

Sonra Milli Ordumuzun sərhəd bölgəsində hərbi xidmət keçən 50 əsgəri müəllimlərinə təbrik məktubu yazıblar.

Əsgər məktubları Bilik Fondunun vasitəsilə ünvanlarına – Bakı, Biləsuvar, Şəki, Sumqayıt, Astara, Qazax, Beyləqan, Qəbələ, Ağcabədi, İmişli, Salyan, Quba, Masallı, Mingəçevir, Şamaxı, Xaçmaz, Ağstafa, Füzuli və Cəbrayıl məktəblərində çalışan müəllimlərə çatdırılıb.

Müəllimlərin peşə bayramı münasibətilə daha bir tədbir BSU-nun məktəb-lisey kompleksində keçirilib. Kompleksin direktoru İlahə Carçıyeva Bilik Fonduna maarifləndirici tədbirlərin təşkilində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı təmsil etdiyi qurum adından müəllimləri təbrik edib. Sonra fondun lektorlar qrupunun üzvü, Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyevanın “Gənc nəslin tərbiyəsində və tədrisin keyfiyyətinin yüksəlməsində müəllimin rolu” mövzusunda mühazirəsi dinlənib.

Sonda ilin ən fəal müəllimləri Bilik Fondunun “Təşəkkürnamə”ləri ilə təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.