SİYASƏT
“Əsgərlərimizin düşmənə ağır zərbələr vurması bizi daha da ruhlandırır” – AZƏRTAC-ın çəkiliş qrupu Gəncədə VİDEO
Gəncə, 5 oktyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Xəbər verdiyimiz kimi, oktyabrın 5-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutub.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, Gəncəyə atılmış raketlərin şəhər ərazisində yerləşən xəstəxananın, orta məktəbin, mebel fabrikinin yaxınlığına, bazara atılması nəticəsində 3 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.
Düşmənin dinc sakinləri hədəfə alması, artilleriyadan atəşə tutması şəhər sakinlərini qorxutmur. Şəhərdə hamı gündəlik işləri ilə məşğul olurlar.
Şəhər sakini Yasin Hacıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, düşmənin Gəncəni ağır artilleriyadan atəşə tutması şəhər sakinlərini qorxuda bilməz: “Çünki bizim arxamızda Ali Baş Komandanımız, Azərbaycanın güclü ordusu durur. Biz bilirik ki, çox qısa vaxtda ordumuz qələbə qazanacaq”.
Elçin Əliyev isə deyib ki, silaha sarılıb torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazırdır: “Qələbə bizimlədir və bu zəfərə doğru addım-addım gedirik. Hər gün zəfər xəbəri gözləyirik. Ordumuza tam güvənirik. Onlar da bizim balalarımızdı, qardaşlarımızdı. Allah onları qorusun! Onların ön xətdə düşmənə ağır zərbələr vurması ilə bağlı xəbərlər bizi daha da ruhlandırır".
Şəhər sakini Anar Dövləti ermənilərin Gəncəni atəşə tutması müharibə cinayəti sayılır. Çünki burada dinc əhali hədəfə alınıb. “Bu, erməni faşizmidir. Dünya dövlətləri bunu görmürmü? Bu ikiüzlülük nə vaxtadək davam edəcək? Düşmən bilsin ki, biz öz yurdumuzdayıq və onu heç kimə verəsi deyilik. Ordumuza və Ali Baş Komandanımıza güvənirik. Ordumuz çox güclüdür. Əsgərimiz düşmənə qan uddurur. İnşallah, tezliklə böyük Qələbə xəbərini eşidək!”
Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.