İQTİSADİYYAT


“Asian Review” analitik mərkəzi: Rəşt-Astara dəmir yolu istifadəyə verildikdən sonra “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi istismara hazır olacaq

Tehran, 6 may, AZƏRTAC

İranın Çabahar limanı Orta Asiya respublikaları ilə yanaşı, Qafqaz regionunun, xüsusilə Azərbaycan Respublikasının iqtisadi inkişafında əhəmiyyətli rol oynaya bilər.

AZƏRTAC xəbər verir ki, bu fikir mərkəzi qərargahı Vaşinqtonda yerləşən “Atlantic Council” analitik mərkəzinin hesabatında yer alıb. Mərkəzin analitikləri hesab edirlər ki, müasir dünyada iqtisadi inkişafı şərtləndirən əsas amillərdən biri logistika və beynəlxalq əhəmiyyətli nəqliyyat yollarıdır. Çabahar limanı yalnız İranın deyil, bütövlükdə regionun iqtisadi inkişafında mühüm rola malikdir.

Qitələr arasındakı nəqliyyat əlaqələrinin qurulmasında Çabaharın əvəzolunmaz rolu ondan ibarətdir ki, bu liman vasitəsilə Asiyadan Avropaya və əks istiqamətə yüklərin daşınması daha tez və daha ucuz başa gəlir. İrandan Azərbaycan Respublikasına və Rusiyaya daşınan yüklər asanlıqla Avropaya çatdırılır. Limandan dünya iqtisadiyyatına daha çox töhfə verən Hindistan, Çin, Yaponiya və Cənub-Şərqi Asiyanın 15-dən çox dövləti istifadə etmək qərarına gəlib ki, bu da təsadüfi xarakter daşımır. Yuxarıda qeyd etdiyimiz kimi, yük daşımalarının tez və ucuz başa gəlməsi ilə yanaşı, təhlükəsizlik də vacib amildir. Hindistanın Mumbai limanından yüklərin Çabahara, oradan isə Azərbaycan və Rusiya ərazisindən Avropaya daşınması daha təhlükəsizdir.

Regional inkişaf məsələləri üzrə iranlı mütəxəssis Zəhra Tohidi qeyd edir ki, Çabahar coğrafi baxımdan Asiya, Avropa və Afrikanı birləşdirən bir limandır. Dünya əhalisinin 5 milyardı bu qitələrdə yaşayır və buradakı dövlətlər daim iqtisadi inkişafa can atır. İqtisadi inkişafı beynəlxalq əhəmiyyətə malik nəqliyyat yolları olmadan təsəvvür etmək mümkün deyil. Buna görə də Çabahar limanına Hindistan və Çinin sərmayə yatırmasını da təsadüfi hesab etmək olmaz. Çinin və Hindistanın inkişaf edən iqtisadiyyatı Avropaya yeni yolların açılmasını zərurətə çevirib. Bu baxımdan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasına xüsusi önəm verilir.

Hindistanın “The United Service Institution of India” analitik institutunun eksperti Raciv Narayanan hesab edir ki, Ukraynadakı hadisələr “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Rusiya üçün mahiyyətini daha da artırıb. Rusiya neft və qaz məhsullarını da bu dəhliz vasitəsilə Asiyaya ixrac edə bilər.

Nəzərə çatdırmaq lazımdır ki, bu yoldan yalnız Rusiya deyil, keçmiş SSRİ-nin bütün respublikaları istifadə edə bilər. Latviya, Litva, Estoniya, Belarus, Ermənistan, Gürcüstan, Azərbaycan, İran, Türkiyə Asiya qitəsi ilə bu dəhliz vasitəsilə iqtisadi əlaqələr qurmaq imkanındadırlar.

Yaponiyanın “Asian Review” analitik mərkəzinin hesabatında isə deyilir ki, İran ərazisindəki Rəşt-Astara dəmir yolu tikilib istifadəyə verildikdən sonra Hindistanın Mumbai limanından başlayaraq Finlandiyanın limanlarında başa çatan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi istismara hazır olacaq.

Yuxarıda deyilənlərdən aydın olur ki, Çabahar limanı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üçün nə qədər əhəmiyyətlidirsə, dəhlizə daxil olan dəmir yolu seqmenti də bir o qədər əhəmiyyətlidir. Hindistan, Çin və digər Cənub-Şərqi Asiya ölkələrindən Çabahar limanına daxil olan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Avropaya və əks istiqamətə daşınacaq. Hazırda Qəzvin-Rəşt yolu istifadəyə verilib. Yolun Rəşt-Astara hissəsində isə işlər davam edir.

Azərbaycanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzərində yerləşməsi onun logistika mərkəzinə çevrilməsi üçün böyük potensial yaradıb. Beynəlxalq analitik mərkəzlərin təhlillərində Azərbaycan təhlükəsiz dövlət kimi göstərilir. Avropadan Asiyaya uzanan yolların Azərbaycan ərazisindən keçməsi yalnız tranzit gəlirlər toplayıb büdcəyə valyuta axınını təmin etməyəcək. Bununla yanaşı, ölkəmiz siyasi zəmanət də əldə edəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.