İDMAN
Aşihara karate üzrə respublika çempionatının açılış mərasimi keçirilib
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Bakı İdman Sarayında ulu öndər Heydər Əliyevin xatirəsinə və 28 May – Respublika Gününə həsr olunmuş aşihara karate üzrə respublika çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçı komandalar meydana daxil olublar. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra ölkəmizin idman nailiyyətlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Azərbaycan Aşihara Karate Federasiyasının (AAKF) prezidenti, Əməkdar idman xadimi Maarif Bağırov tədbirdə çıxış edərək ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən yüksək diqqət və qayğıdan danışıb. Azərbaycanda Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinin də sürətlə inkişaf etdiyini bildirən federasiya rəhbəri son illər AAKF-in fəaliyyətini daha da genişləndirdiyini vurğulayaraq deyib: “Karatenin full-kontakt növünə aid edilən aşihara karate ilk dəfə 1972-ci ildə Yaponiyada yaradılıb və əlbəyaxa döyüş sənəti kimi qısa müddətdə bütün dünyada geniş yayılıb. Azərbaycan Aşihara Karate Federasiyası 1998-ci ildən rəsmi olaraq fəaliyyət göstərir. İdmançılarımız 2002-ci ildən başlayaraq karatenin bu növü üzrə beynəlxalq miqyaslı yarışlarda uğurla çıxış edirlər”.
Federasiyanın vitse-prezidenti Umud Mirzəyev ümummilli lider Heydər Əliyevin xatirəsinə və 28 May – Respublika Gününə həsr olunan turnirdə Azərbaycanın müxtəlif şəhər və rayonlarından 200-ə yaxın idmançının mübarizə apardığını bildirib. İdmanın bu növünün inkişafında və istedadlı idmançıların üzə çıxarılmasında belə turnirlərin əhəmiyyətini qeyd edən vitse-prezident paytaxt Bakı ilə yanaşı, regionlarda da bu idman növünə marağın getdikcə artdığını bildirib: “Azərbaycanda idmanın inkişafı üçün hər cür şərait yaradılıb. Aşihara karateçilərimiz uğurlarını getdikcə artırırlar. Sevindirici haldır ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da bu idman növünə maraq getdikcə artır və təmsilçilərimiz dünya çempionatlarında, beynəlxalq turnirlərdə böyük qələbələr əldə edirlər. Əminik ki, respublika çempionatında qüvvələrini sınayan kiçik yaşlı karateçilərimiz gələcəkdə böyük idmanda sözlərini deyəcəklər”.
Federasiyanın vitse-prezidenti Vüsal Məmmədov son illər aşihara karateçilərin əldə etdikləri nailiyyətlərdən danışıb. Qeyd edib ki, idmanın bu növü üzrə beynəlxalq yarışlarda iştirak edən Azərbaycan komandası parlaq nailiyyətlər qazanır. Aşihara karatenin inkişafı istiqamətində görülən işlər davam etdirilir. Bu qarşıdakı dövrdə daha böyük uğurların qazanılacağını deməyə əsas verir.
Tədbirdə çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıblar.
Aşihara karateçilərin nümunəvi çıxışlarından sonra açılış mərasimi bədii hissə ilə davam edib.