SİYASƏT


Asim Mollazadə: “Boz zonalar”a dair məruzə ərazilərin işğalını legitimləşdirmək cəhdidir

Strasburq, 11 oktyabr, AZƏRTAC

Avropa Şurasının əsas problemi beynəlxalq hüquqa riayət edilməməsi məsələsidir. “Boz zonalar”la bağlı məruzədə bəzi müddəalar var ki, onlar bir çox keçmiş sovet respublikalarının ərazi bütövlüyünü pozur. “Boz zona” kimi iddia edilən ərazilər, sadəcə, işğal altında olan ərazilərdir.

Bu fikirləri AŞPA-nın payız sessiyasında “Avropa Şurası və BMT-nin insan hüquqları üzrə monitorinq orqanlarının üzv ölkələrə, o cümlədən “boz sahələr”ə məhdudiyyətsiz girişi” adlı məruzənin müzakirələri zamanı deputat Asim Mollazadə təmsil etdiyi Avropa Konservatorlar qrupu adından söyləyib.

Deputat qeyd edib ki, Azərbaycanın, eləcə də Gürcüstanın, Moldovanın ərazilərinin bir hissəsi hələ də işğal altındadır. Məruzə bu ölkələrin müstəqilliyinə xələl gətirir. Dağlıq Qarabağda bütöv bir şəhər darmadağın edilib, yüzlərlə qadın, uşaq qətlə yetirilib, etnik təmizləmə aparılıb. İnsan haqlarının müdafiəsi adı altında bu məruzə ərazilərin işğalını legitimləşdirməyə cəhddir. Bu ərazilərin işğal altında olduğu bildirilməlidir.

Asim Mollazadə qeyd edib ki, BMT-nin, Avropa Şurasının işğalçı ölkələrə təzyiq göstərmək imkanı var. “Boz zona” adlandırılan bu ərazilərdə işğalçılar yerləşir. Onların arasında çoxlu hərbi cinayətkarlar var. Əgər Avropa Şurası bütün üzv ölkələrin ərazi bütövlüyü prinsipinə riayət etmirsə, sonra de-fakto iddialı hakimiyyətlər peyda olacaq və bu təşkilatın nəzdində legitimləşəcək.

Azərbaycan nümayəndə heyətinin üzvü Türkiyənin ərazi bütövlüyünə də şübhələr yaradıldığını və bunun da beynəlxalq hüququn normalarının pozulması olduğunu diqqətə çatdıraraq məruzəyə etirazını bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.