CƏMİYYƏT
Asimptomatik xəstələrin başqalarını yoluxdurmaq ehtimalı var VİDEO
Bakı, 21 avqust, AZƏRTAC
Asimptomatik xəstələrin infeksiyanı başqalarına yoluxdurub-yoluxdurmaması həqiqətən narahatlıq doğurur. Ümumdünya Səhiyyə Təşkilatı bir müddət əvvəl asimptomatik xəstələrin praktik olaraq başqalarını yoluxdurmadığını qeyd edib. İndiyədək ölkəmizdə 1000 nəfər asimptomatik xəstədən 3 nəfərə virus keçib. Amma bu da kiçik rəqəm deyil. Ölkə əhalisi üzrə hesablasaq, bu rəqəm daha da arta bilər. Lakin asimptomatik xəstələrdən respirator əlamətləri - asqıraq və öskürəyi olanların yoluxdurmaq ehtimalı çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 21-də keçirdiyi mətbuat konfransında Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov məlumat verib.
Onun dediyinə görə, burada bir məsələni qeyd etmək lazımdır. Virus partikullarla dolaşır, yəni xəstənin tənəffüs yollarından çıxan aerozolla yayılır. Xəstə ilə çox yaxın təmas - 15-20 santimetrlik, 1 metrlik məsafədə 4-5 dəqiqədən artıq ünsiyyət zamanı ağız boşluğundan çıxan partikullarla yoluxma ehtimalı istisna edilmir.