MƏDƏNİYYƏT


Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş videoçarx hazırlanıb

Bakı, 9 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə əlaqədar “Aşıq Ələsgər - 200” adlı videoçarx hazırlayıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx kitabxananın sosial hesablarında paylaşılıb.

Videoçarxda qeyd edilir ki, 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olan Aşıq Ələsgər Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən biridir. Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrini ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalqın ruhuyla həmahəng əsərlərini Azərbaycanın mədəni sərvətləri xəzinəsinə misilsiz töhfələr bəxş edib. Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri Aşıq Ələsgər yaradıcılığında özünü bəlkə də ən gözəl şəkildə büruzə verməkdədir. Görkəmli Azərbaycan şairi Səməd Vurğun çıxışlarının birində belə demişdir: “Hansı mövzuya əl atıram, hansı daşı qaldıram altında Dədə Ələsgərdən bir nişanə görürəm”.

Dövrünün savadlı şəxslərindən biri olan Aşıq Ələsgər bir çox dünya elmləri ilə yanaşı, İslamı da dərindən bilib və buna yaradıcılığında geniş yer verib. Yaradıcılığında nəsihətamiz şeirlərə geniş yer verən Aşıq Ələsgər xalq tərəfindən sevilib və el ağsaqqalına çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.