MƏDƏNİYYƏT


“Aşıq şeirinin poetik biçimləri və çeşidləri” kitabı işıq üzü görüb

Bakı, 5 noyabr, AZƏRTAC

“Elm və təhsil” nəşriyyatında Əməkdar elm xadimi, Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, professor Məhərrəm Qasımlı və filologiya elmləri doktoru, professor Mahmud Allahmanlının birgə yazdıqları “Aşıq şeirinin poetik biçimləri və çeşidləri” adlı kitabı çapdan çıxıb.

AZƏRAC xəbər verir ki, AAB-in dəstəyi ilə hazırlanan kitabda aşıq şeirinin janr və poetik biçimləri, onların çoxsaylı çeşidləri həm ədəbi-nəzəri, həm də folklor poetikası prinsipləri əsasında əlifba sırası ilə açıqlanıb. Aşıq şeir sistemində rast gəlinən poetik biçimlərin (bayatı, gəraylı, qoşma, təcnis, müxəmməs, divani və s.) ilkin qaynaqları, onların tarixi mənzərəsi, janr səciyyəsi, ifa tərzi, hansı hava üzərində oxunması məqamları və s. məsələlər konkret nümunələr əsasında öz əksini tapıb. Milli-mənəvi, tarixi-mədəni düşüncənin möhtəşəm qaynağı olan ozan-aşıq mədəniyyətindən doğan şeir biçimləri və onlardan törəyən çeşidlər ilk dəfə bu kitabda diqqətlə öyrənilib və təhlil olunub. Aşıq şeir biçim və çeşidləri ilə musiqi-havacat bağlantıları da ilk dəfə bu kitabda izahını tapıb.

Kitabda göstərilib ki, aşıq sənəti özündə milli kimlik mücadiləsini, müstəqil dövlətçilik düşüncəsini, ana dilinə mehr-məhəbbəti, mərdlik və halallığı cəmləşdirir.

Filologiya üzrə fəlsəfə doktoru, AAB-in katibi Altay Məmmədovun redaktoru olduğu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.