MƏDƏNİYYƏT
Aşıq sənəti və saz alətinin Azərbaycan mədəniyyətində xüsusi rolu var
Tbilisi, 29 yanvar, AZƏRTAC
Gürcüstanın Marneuli rayonunda ustad aşıq Bafəli Adıgözəlovun 60 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Ruslan Hacıyev, aşıqlar və ziyalılar iştirak ediblər.
Tədbirdə professor Mahmud Kamaloğlu çıxış edərək Gürcüstanda aşıq sənətinin tarixindən, inkişaf perspektivlərindən danışıb, ustad aşıq və sazbənd B.Adıgözəlovun yaradıcılığı barədə məlumat verib.
Bildirilib ki, B.Adıgözəlov saz ifa etməklə yanaşı, sazbəndlik sənətini də mənimsəyib. O, 1990-cı ildən Gürcüstanda sazbəndlikdə yeganə sənətkardır. Aşıq, həmçinin Gürcüstanda nəfəs alətlərinin, xüsusən də zurna və ney ifaçısı kimi də tanınır.
Sonra Səfir Dursun Həsənov çıxış edərək ustad aşığı yubileyi münasibətilə təbrik edib, yaradıcılıq uğurları və uzun ömür arzulayıb. Gürcüstanda aşıq sənətinin qorunub saxlanılmasında və inkişafındakı xidmətlərinə görə təşəkkürünü bildirib.
Diplomat deyib ki, Gürcüstanda aşıq sənətinin inkişafı və təbliğində Bafəli Adıgözəlovun çox böyük əməyi olub. Bu gün o, Gürcüstanda yaşayan aşıqların ən gözəl nümayəndələrindən biridir.
D.Həsənov çıxışında Azərbaycan mədəniyyətinin inkişafından danışıb, Azərbaycan dövlətinin bu sahəyə xüsusi diqqət yetirdiyini vurğulayıb.
Aşıq sənətinin Azərbaycanın milli sərvəti olduğunu vurğulayan diplomat bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aşıq və söz sənətinin inkişafı və gələcək nəsillərə ötürülməsi sahəsində çox böyük işlər görürlər.
Dövlətimizin başçısının və Birinci xanımın səyləri nəticəsində Azərbaycan muğamı, bir sıra milli mədəniyyət nümunələrimiz UNESKO-nun Mədəni İrs Siyahısına daxil edilib.
Deputat R.Hacıyev çıxışında saz alətinin Gürcüstan azərbaycanlıları arasında çox müqəddəs olduğunu vurğulayıb. Bildirib ki, saz azərbaycanlıların keçmişi, bu günü və gələcəyidir.
Yubiley tədbirində Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrini təmsil edən aşıqlar iştirak ediblər.
Digər çıxış edənlər Gürcüstanda aşıq və sazbəndlik sənətinin yaşadılması, inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb, aşıqların qurultayının keçirilməsi və s. təkliflər irəli sürüblər.
Tədbir aşıq ifaları ilə davam etdirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi