MƏDƏNİYYƏT
Aşıqlar Birliyinin yeni layihəsi tamamlanmaq üzrədir
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan Aşıqlar Birliyində “Koroğlu havaları” vətənçilik, dövlətçilik və qəhrəmanlıq düşüncəsini daşıyan milli-mədəni dəyərlər kimi” layihəsi üzərində işlər tamamlanmaq üzrədir.
Bu barədə AZƏRTAC-a məlumat verən Birliyin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu deyib ki, artıq layihə çərçivəsində görüləcək işlərin çoxu həyata keçirilib. Belə ki, “Koroğlu havaları” ilə bağlı klassik ustadların ifaları dinlənilərək müzakirə olunub, onların çağdaş aşıqların repertuarında yenidən səsləndirilməsi məqsədyönlü bilinib. Respublikamızın müxtəlif guşələrində yaşayan istedadlı aşıqların arasında seçim aparılıb. “Koroğlu havaları”nın ən yaxşı ifaçısı olan aşıqlar seçilərək onların ifasında qəhrəmanlıq ruhunda olan aşıq havaları lentə alınıb.
Təqdim olunacaq CD albomda 15-dən çox aşıq havası yer alacaq. Qələndər Zeynalov, Məhərrəm Hüseynli, Ağamurad Şirvanlı, Altay Məmmədli, Ramin Qarayev, Dəmir Vəliyev, İsa Qaraxanlı, Şöhrət Kərimov, Təbriz Vəliyev, Nəbi Nağıyev, Nazim Quliyev, Şaiq İncəli, Avdı Musayev, Anar Abdullayev, Xanlar Alqayıt, Babək Şakirli və Qabil Faxralı kimi istedadlı aşıqların, eləcə də “Çeşmə” sazçı folklor qrupunun ifasından yazıya alınan aşıq havaları milli dövlətçilik düşüncəsinin, hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir.