DÜNYA
Əsir düşərgəsində qaz kameralarını inkar edən vəkil cəzalandırılıb
Vyana, 19 oktyabr, AZƏRTAC
Avstriyanın Vels şəhərində Vəkillər Kollegiyası İkinci Dünya müharibəsində bu ölkədə yerləşən ən böyük əsir düşərgəsində qaz kameralarının mövcud olmasını inkar edən bir vəkili 10 min avro məbləğində cərimələyib.
AZƏRTAC xəbər verir ki, 2016-cı ildə nasist çıxışlarına görə məhkəməyə verilən sağçı-radikal bir şəxsi müdafiə edən vəkil yekun nitqində Avstriyanın ən böyük hərbi əsir düşərgəsi olmuş “Mauthauzen”də qaz kameralarının mövcudluğunu və orada krematoriyanın fəaliyyət göstərdiyini inkar edib. O qeyd edib ki, bu gün “Mauthauzen”də nümayiş etdirilən qaz kameraları müharibə başa çatdıqdan sonra tikilib və ümumiyyətlə, həmin ərazidə qaz kameralarının olması belə şübhə altındadır.
“Nasional-sosializm düşüncəsinin təbliğ edilməsinin qadağan olunması haqqında” Qanuna əsasən vəkilin çıxışının ardından Vels Prokurorluğu onun barəsində cinayət işi açıb. Vəkil mandatının maraqlarını qorumaq üçün çıxışında yanlışlığa yol verdiyini qeyd etsə də, həm əyalət məhkəməsində, həm də Konstitusiya Məhkəməsində onun şikayəti təmin olunmayıb.
Xatırladaq ki, yaradıldığı 1938-ci ildən İkinci Dünya müharibəsinin sonunadək “Mauthauzen” əsir düşərgəsində müxtəlif Avropa ölkələrindən 200 mindən artıq hərbi əsir işgəncələrə məruz qalıb, onların təxminən yarısı (90 min nəfər) isə alman nasistləri tərəfindən məhv edilib. Rəsmi məlumata görə, müharibə illərində “Mauthauzen”də 81 nəfər azərbaycanlı əsir qətlə yetirilib.
Azərbaycan səfirliyinin araşdırmaları nəticəsində “Mauthauzen” və onun tabeliyindəki digər əsir düşərgələrində 300-dək soydaşımızın əsir olduğu müəyyən edilib. Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü və birbaşa dəstəyi ilə 2001-ci ildə “Mauthauzen”, 2011-ci ildə isə “Ebenzee” əsir düşərgələrinin ərazisində azərbaycanlı əsirlərin xatirəsini əbədiləşdirən abidələr qoyulub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana