CƏMİYYƏT
Əsir və girov götürülmüş vətəndaşlarımızın hüquqlarının beynəlxalq müdafiəsinə dair “dəyirmi masa” keçirilib
Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də Beynəlxalq Mətbuat Mərkəzində “Əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının hüquqlarının beynəlxalq müdafiəsi” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Beynəlxalq Dialoq və İnkişaf Alyansının təşkilatçılığı ilə hazırlanmış, girov götürülmüş azərbaycanlıların beynəlxalq müdafiəsindən bəhs edən videoçarx nümayiş olunub.
Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun vitse-prezidenti Nüşabə Məmmədova bildirib ki, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Belçikanın Brüssel şəhərində “Əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının beynəlxalq aləmdə müdafiəsi” adlı layihə həyata keçirilib. Beynəlxalq hüquqi faktlar və tarixi dəlillər əsasında hazırlanmış videoçarx, həmçinin buklet və müraciətlərdə əks olunan məlumatlar xarici nümayəndələrə, o cümlədən Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərlərinə, elm xadimlərinə və KİV əməkdaşlarına çatdırılıb.
Bildirilib ki, layihə çərçivəsində ikinci tədbir noyabrın 21-də Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin və Belçika Türk Federasiyasının təşkilati dəstəyi ilə keçirilib. Layihənin məqsədi Azərbaycan həqiqətlərinin, o cümlədən ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı siyasətinin həyata keçirilməsi barədə məlumatları beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Layihənin daha bir məqsədi 2014-cü ilin iyulunda Ermənistan silahlı qüvvələrinin əsir götürdüyü azərbaycanlıların - Dilqəm Əsgərov və Şahbaz Quliyevin işğal olunmuş ərazidə qanunsuz fəaliyyət göstərən məhkəmələr tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Ermənistanın beynəlxalq hüquqa məhəl qoymaması faktlarının dünya birliyinə çatdırılmasıdır.
Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov deyib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində minlərlə vətəndaşımız əsir və itkin düşüb, girov götürülüb ki, onların əksəriyyətinin yeri hələ də məlum deyil. Bu isə mülki əhalinin, xüsusilə uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin hərbi münaqişələr zamanı insan hüquqlarının qorunmasına aid beynəlxalq hüquq normalarının, o cümlədən BMT-nin Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannaməsinin, Silahlı münaqişələr (müharibələr) dövründə mülki əhalinin müdafiəsi ilə bağlı Haaqa konvensiyalarının, Uşaq Hüquqları Konvensiyasının müddəalarının kobud şəkildə pozulması deməkdir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) analitika şöbəsinin müdiri Rəşad İlyasov deyib ki, BBMM “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində erməni separatçılığını ifşa etmək istiqamətində silsilə “dəyirmi masa”lar keçirir. Məhz monoetnik dövlət olan Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirməsi separatçılığın və terrorun multikulturalizmə qarşı olmasının bariz nümunəsidir.
Sonra AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçısı, “Həsrət Yolu” Əsir və Girovlara Kömək” İctimai Birliyinin sədri Elmira Orucova, Hərbi Prokurorluğun şöbə rəisi Emil Tağıyev, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Emin Ağayev, AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini Məmməd Əliyev, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ağır nəticələrindən, işğal edilmiş ərazilərdə ermənilərin törətdikləri vəhşiliklərdən, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasətindən, minlərlə Azərbaycan vətəndaşının əsir və itkin düşməsindən, girov götürülməsindən danışıblar.