İQTİSADİYYAT
Asiya İnfrastruktur İnvestisiya Bankı daha üç ölkənin üzvlük üçün müraciətini müsbət cavablandırıb
Pekin, 16 iyun, AZƏRTAC
Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Argentina, Madaqaskar və Tonqanın banka üzvlük üçün müraciətini müsbət cavablandırıb. Bu barədə qərar bankın Rəhbərlər Şurasının Cənubi Koreyanın Cecu adasında keçirilən ikinci illik iclasında qəbul olunub. Beləliklə, AİİB-in perspektiv üzvlərinin sayı 80-ə çatıb.
AİİB-in yaydığı məlumatda deyilir ki, qaydalara əsasən, həmin dövlətlər ölkədaxili müvafiq proseduru keçdikdən və müəyyən olunmuş məbləğdə depoziti ödədikdən sonra AİİB-in tamhüquqlu üzvləri olacaqlar.
Qeyd edək ki, AİİB keçən ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılıb. Ötən müddətdə
23 ölkənin (ərazi) üzvlüklə bağlı müraciəti bank tərəfindən müsbət qarşılanıb.
Bank 100 milyard dollar nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir. AİİB ötən ilin dekabrında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit ayırmışdı.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin