DÜNYA


Asiya İnfrastruktur İnvestisiya Bankı koronavirusa görə Gürcüstana 91 milyon avro ayırıb

Pekin, 23 may, AZƏRTAC

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) direktor şurası bankın COVID-19 böhranına qarşı fondundan Gürcüstana 91,34 milyon avro (təxminən 100 milyon ABŞ dolları) ayrılmasını təsdiqləyib.

Bankın Pekindəki mənzil-qərargahından AZƏRTAC-ın xüsusi müxbirinə bildiriblər ki, vəsait Gürcüstan hökumətinə pandemiyanın tibbi və sosial nəticələrinin yumşaldılması və aradan qaldırılmasında yardım üçün fövqəladə layihəyə dəstək məqsədi daşıyır. Dünya Bankı ilə birgə maliyyələşdirilən layihə Gürcüstanın səhiyyə infrastrukturunun və sosial müdafiə sisteminin COVID-19 böhranının mənfi nəticələrinə qarşı hazırlığını təmin edəcək.

Bankın məlumatında qeyd olunur ki, Gürcüstanın kasıb və zəif ev təsərrüfatları bu pandemiyadan xüsusilə əziyyət çəkirlər. Onlar işsizlik və virusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan məhdudiyyətlərdən qaynaqlanan iqtisadi tənəzzül səbəbindən yoxsulluğa düşmə riski ilə üzləşiblər.

Qeyd edək ki, Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankı dövlət və özəl sektordan olan müştərilərin pandemiya ilə əlaqədar artan tələbatını ödəmək üçün COVID-19 böhranına qarşı fondunu 2 dəfə artıraraq 10 milyard ABŞ dollarına çatdırıb. İndiyədək fonddan Hindistana 500 milyon, Çinə 355 milyon, Banqladeşə 250 milyon dollar ayrılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.