İQTİSADİYYAT
Asiya İnfrastruktur İnvestisiya Bankının fəaliyyətə başlamasının bir ili tamam olur
Pekin, 16 yanvar, AZƏRTAC
Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) fəaliyyətə başlamasının bir ili tamam olur. Ötən il yanvarın 16-da Pekində Çin Xalq Respublikasının sədri Si Cinpinin iştirakı ilə bankın fəaliyyətə başlaması münasibətilə mərasim keçirilmişdi.
Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirməklə regionun inkişafına dəstək məqsədilə yaradılan bank ötən müddətdə Azərbaycan, Pakistan, Banqladeş, İndoneziya, Tacikistan və Myanmaya ümumilikdə 9 layihəyə 1,73 milyard ABŞ dolları vəsait ayırıb. Xatırladaq ki, ötən ilin dekabrında AİİB Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit ayrılması ilə bağlı qərar qəbul edib.
Mənzil-qərargahı Pekində yerləşən bankın nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyən edilib. Bunun təxminən 75 faizini Asiya ölkələri təmin edir. Ölkələrin payı onların iqtisadiyyatının həcminə uyğun müəyyən edilir.
Bankın ali orqanı Rəhbərlər Şurasıdır. Bundan başqa, 12 nəfərdən ibarət Direktorlar Şurası və idarəedici heyət daha aşağı səviyyədə icra orqanları kimi fəaliyyət göstərəcək. Ötən ilin iyununda AİİB-in Rəhbərlər Şurasının Pekində keçirilmiş ilk iclasında Azərbaycan da təmsil olunmuşdu.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin