İQTİSADİYYAT
Asiya İnkişaf Bankı Azərbaycan sığorta bazarındakı proseslərlə yaxından maraqlanır
Bakı, 22 iyun, AZƏRTAC
“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin (ASA) rəhbərliyi ilə Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri xanım Kendis Makdeyqan arasında görüş keçirilib.
ASA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Sığortaçılar Assosiasiyanın icraçı direktoru Elmar Mirsalayev AİB rəhbərliyinə İctimai Birlik haqqında məlumat verərək, yerli sığorta bazarının mövcud vəziyyəti və inkişaf perspektivlərindən danışıb. Sektorun yeni inkişaf mərhələsində olduğunu vurğulayan icraçı direktor mövcud bazar şərtləri çərçivəsində həllini gözləyən bir qisim məsələlərin hələ də qaldığını qeyd edib.
Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri xanım Kendis Makdeyqan Azərbaycan Sığortaçılar Assosiasiyasının fəaliyyəti və sığorta bazarındakı proseslərlə yaxından maraqlandıqlarını deyib. O, iki qurum arasında sığorta sektoru ilə bağlı məlumat mübadiləsinin təmin olunmasını, nəticədə isə yerli sığorta bazarındakı real problemlərin aşkarlanması və onların həlli yollarının müəyyən edilməsində Asiya İnkişaf Bankı olaraq sektorun inkişafı üçün texniki dəstək göstərə biləcəkləri ilə bağlı imkanların araşdırılacağını vurğulayıb.