İQTİSADİYYAT


Asiya İnkişaf Bankı Azərbaycanda bərpaolunan enerji layihələrinə maliyyə dəstəyi göstərməyə hazırdır

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycanla Asiya İnkişaf Bankının energetika sahəsində əməkdaşlığı müzakirə olunub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının V iclası çərçivəsində ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının enerji bölməsinin direktoru Aşok Barqavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir Azərbaycanla Asiya İnkişaf Bankı arasında energetika sahəsində mövcud əməkdaşlıq əlaqələri, bu çərçivədə həyata keçirilən elektrik şəbəkəsinin yenidən qurulması, üzən günəş panelləri sistemi ilə bağlı enerji layihələri barədə danışaraq bankın ölkəmizin enerji sektoruna dəstəyini yüksək qiymətləndirib.

Energetika naziri ölkənin bərpaolunan enerji potensialı və ondan istifadənin genişləndirilməsi istiqamətində görülən işlər, yaxın illərdə enerji istehsalında bərpaolunan enerjinin payının artırılması imkanları barədə ətraflı məlumat verib, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, xarici şirkətlər ölkəmizdə bərpaolunan enerji sektorunda əməkdaşlığa maraq göstərir. Xarici investisiyanın cəlbinə nail olmaq üçün əlverişli mühitin yaradılması vacibdir.

A.Barqava bərpaolunan enerji mənbələri üzrə Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib. Bildirib ki, bərpaolunan enerji mənbələrindən, xüsusilə günəş və külək enerjisindən istifadə, eləcə də enerji səmərəliliyi üzrə layihələrdə iştirak bankın diqqətindədir. Bank bu məqsədlə həyata keçiriləcək layihələrə texniki və maliyyə dəstəyi göstərməyə hazırdır.

Görüşdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.