İQTİSADİYYAT
Asiya İnkişaf Bankı Azərbaycanın yol sektorunun inkişafına 45 milyon dollar məbləğində yeni tranş ayırmağa hazırdır
Bakı, 16 dekabr (AZƏRTAC). Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda avtomobil yolu infrastrukturunun yaxşılaşdırılması üçün çoxtranşlı maliyyələşdirmə proqramı çərçivəsində 45 milyon dollar məbləğində yeni tranşı ayırmağa hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Norojono bəyan etmişdir. Onun sözlərinə görə, AİB-in bu tranşı Gəncə şəhərində dörd körpünün tikintisi və yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması üçün nəzərdə tutulur. Bu, Azərbaycanın yol sektorunun inkişafı məqsədilə çoxtranşlı maliyyələşdirmə proqramı çərçivəsində sonuncu, dördüncü tranş olacaqdır.
O.Norojono məlumat vermişdir ki, AİB Gəncə dairəvi yolunun inşası layihəsinin qiymətləndirilməsini həyata keçirmişdir. Bank bu layihəyə 55 milyon dollar məbləğində kredit ayırmışdır. Layihə 2012-ci ildə başa çatmış, 2013-cü ildə onun qiymətləndirilməsi keçirilmişdir. AİB Azərbaycanda yol sektorunun inkişafının kreditləşməsi məqsədilə 500 milyon dollar məbləğində çoxtranşlı maliyyələşdirmə proqramını 2008-ci ildə təsdiq etmişdir.