Asiya İnkişaf Bankı regionun çağırışlarına cavab vermək üçün əməliyyatları yenidən nizamlayır
AzerTAg.az
Bakı, 25 aprel (AZƏRTAC). Asiya İnkişaf Bankı (AİB) fəaliyyətini təkmilləşdirmək, gücləndirmək və orta gəlirli ölkələrə göstərilən dəstəyi artırmaq üçün əməliyyatlarını yenidən nizamlayır. Bu barədə məlumat AİB-in uzunmüddətli strateji çərçivə proqramı olan “Strategiya-2020” hesabatında verilmişdir.
Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, AİB-in prezidenti Takehiko Nakao demişdir ki, Asiya-Sakit okean ölkələri sürətlə dəyişir. Bu baxımdan AİB-də onlarla ayaqlaşmalıdır.
Dünya hələ də yoxsulluq problemi ilə mübarizə aparır. 700 milyondan artıq insan gün ərzində 1,25 dollardan da az gəlir əldə edərək ən aşağı yoxsulluq səviyyəsində yaşayır. Hesabatda göstərilir ki, regiondakı yoxsulluq səviyyəsi 2025-ci ilədək aradan qaldırıla bilər.
Asiya və Sakit okean ölkələrindəki gündəlik gəlir 1,25 dollardan da az olduğun buradakı yoxsulluq səviyyəsinin aşağı olduğunu bildirən Nakao qeyd etmişdir ki, əldə edilən gəlir əhalinin yaşaması üçün kifayət etmir. 1,6 milyondan çox insan gündəlik 2 dollardan da az vəsait hesabına yaşayır. Burada böyük həcmdə işsizlik, inflyasiya və ekoloji təhlükələr kimi problemlər də mövcuddur. Regiondakı ölkələr arasındakı qeyri-bərabərlik də artmaqdadır.
Bildirilmişdir ki, AİB-in məqsədi inkişafda olan ölkələrə mövcud yoxsulluğun və qeyri-bərabərliyin aradan qaldırılmasına kömək etməkdir. AİB-in idarə heyətinin təsdiq etdiyi hesabat 10 strateji prioriteti müəyyənləşdirir. İlk 7 prioritet AİB-in fəaliyyətinin effektivliyini artırmağa və tarazlamağa, biznes mühitində baş verən dəyişikliklərə uyğunlaşmağa yönəlmişdir. Digər üç prioritet isə AİB-in qüvvəsinin və effektivliyinin artırılmasına istiqamətlənmişdir.
Hesabat bir daha təsdiq edir ki, AİB-in bundan sonrakı fəaliyyəti infrastrukturun inkişafına yönələcəkdir. Çünki infrastruktur yoxsulluğun azaldılması və iqtisadi inkişaf üçün əsas amildir. AİB həmçinin təhsil və səhiyyə sahəsinə qoyduğu sərmayənin miqdarını iki dəfə artıracaqdır.
Hesabatda AİB-in əməliyyatların sadələşdirilməsi, informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməsi və digər məsələlərə yanaşmaları da əks olunmuşdur.
Baş ofisi Filippinin paytaxtı Manilada yerləşən AİB Asiya və Sakit okean ölkələrindəki yoxsulluğun azaldılması, iqtisadi inkişafın əldə edilməsi və regional inteqrasiyaya nail olmaq məqsədilə yaradılmışdır. 1966-cı ildə yaradılan AİB-ə 67 ölkə üzvdür. 2013-cü ildə AİB-in maliyyə dəstəyinin ümumi həcmi 21 milyard dollar olmuşdur.
Xəbərin mətnində orfoqrafik səhv var