İQTİSADİYYAT
Asiya İnkişaf Bankının Bakıda keçiriləcək 48-ci İllik Toplantısına hazırlıq prosesi yüksək səviyyədə gedir
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə AİB-nin Rəhbərlər Şurasının 2015-ci il mayın 2-5-də Bakı şəhərində keçiriləcək 48-ci İllik Toplantısına hazırlığın gedişi müzakirə olunub. Nazir Samir Şərifov bu məqsədlə Azərbaycan Prezidentinin Sərəncamı ilə Təşkilat Komitəsinin yaradıldığını xatırladaraq, hazırlıq prosesinin yüksək səviyyədə, plana uyğun getdiyini və hər hansı gecikmələrin olmayacağını bildirib. Azərbaycanın ev sahibi kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini vurğulayan nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf, bu sahədə qazanılan təcrübə, Bakı şəhərində yaradılmış yüksək standartlara uyğun infrastruktur, əlverişli tranzit və logistika imkanlarının olması, o cümlədən yüksək təhlükəsizlik və sabitlik bu cür əhəmiyyətli tədbirləri yüksək səviyyədə keçirməyə tam imkan verir.
Azərbaycanın İllik Toplantıya hazırlığını yüksək qiymətləndirən AİB-nin baş katibi ölkəmizin uğurlu iqtisadi inkişafını yüksək dəyərləndirərək tədbirin uğurlu alınacağına əminliyini ifadə edib. Qeyd olunub ki, AİB-nin Rəhbərlər Şurasının İllik Toplantısında üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutlarının və vətəndaş cəmiyyətinin nümayəndələri, tanınmış alim və ekspertlər olmaqla 4 mindən çox qonağın iştirakı gözlənilir.
Görüşdə, həmçinin İllik Toplantı ilə bağlı ev sahibi ölkənin öhdəlikləri, texniki tapşırıqlar, həmçinin AİB-nin prezidenti Takehiko Nakaonun noyabr ayında Azərbaycana gözlənilən səfəri barədə fikir mübadiləsi aparılıb.
AİB nümayəndə heyətinin bir həftə davam edəcək səfəri zamanı Təşkilat Komitəsinə daxil olan qurumların nümayəndələri ilə bir sıra görüşlər keçiriləcək və İllik Toplantıya hazırlıqla bağlı məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, 1966-cı ildə yaradılan AİB-nin baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə 1999-cu il dekabrın 22-də üzv qəbul edilib.