İQTİSADİYYAT
Asiya İnkişaf Bankının ekspertləri Dövlət Vergi Xidmətinin əməkdaşlarına təlim keçib

Bakı, 3 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Asiya İnkişaf Bankının (AİB) Vergi İdarəsi tərəfindən “Nağdsız” biznes mühitində vergidən yayınma” mövzusunda təlim keçirilib. Təlimdə Dövlət Vergi Xidmətinin audit strukturlarında çalışan bir sıra əməkdaşları iştirak edib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, təlimin məqsədi orta və iri biznes meyarları üzrə tam və dəqiq maliyyə uçotunu aparan müəssisələrin vergiyə cəlb edilən mənfəətlərinin yayındırılması metodlarını və bu xüsusda Dövlət Vergi Xidmətinin auditorları tərəfindən vergidən yayınma hallarının müəyyənləşdirilməsi alətlərini göstərmək olub.
AİB-in Vergi İdarəsi üzrə məsləhətçisi John Middleton “Hasilat və qeyri-hasilat sahələrində yayınma hallarını aşkar etmək üçün metodologiyalar” mövzusunda çıxış edib. İştirakçılar beynəlxalq təcrübədə bəzi vergidən yayınma üsulları və onların praktikada istifadəsi ilə tanış olublar.
Təlimdə saxta hesab-faktura, müştəri kredit qeydlərinin manipulyasiyası, ehtiyatlardan istifadə etməklə vəsaitlərin nağdlaşdırılması, mümkün biznes xərclərinin şişirdilməsi, vergiləri azaltmaqla biznesdən qeyri-rəsmi gəlir əldə etmə, rəsmi bizneslə yanaşı, bəyan edilməmiş fəaliyyətin həyata keçirilməsi, eləcə də ticarətdə səhmlərin yanlış qiymətləndirilməsi ilə bağlı geniş məlumat verilib.
Müzakirələr şəraitində keçən təlim zamanı orta və iri bizneslərdə nağd pul vəsaitlərinin qismən bəyan edilməsi ilə bağlı vergidən yayınma hallarının aşkarlanması və aradan qaldırılması yolları araşdırılıb, praktiki məsələlər həll olunub.