CƏMİYYƏT
Askar Umarov: AZƏRTAC-la Kazinform arasında qardaşlıq və dostluq əlaqələri var
Nur-Sultan, 28 mart, AZƏRTAC
Qazaxıstan Beynəlxalq İnformasiya Agentliyi (Kazinform) və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) arasında əlaqələr dostluq və qardaşlıq münasibətləri əsasında qurulub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovla tez-tez əlaqə saxlayırıq. Bundan başqa, hər iki agentliyin redaksiyaları və beynəlxalq şöbələri arasında sıx əlaqələr var. Biz mütəmadi xəbər mübadiləsi aparırıq.
Bu fikirləri Kazinformun baş direktoru Askar Umarov AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.
Askar Umarov deyib: “AZƏRTAC Kazinformun bir sıra layihələrində yaxından və aktiv iştirak edir. Buna Qazaxıstanın Birinci Prezidenti Gününə həsr olunan fotosərgini misal göstərə bilərəm. AZƏRTAC-ın təqdim etdiyi fotolardan ibarət stendə 9 mindən çox ziyarətçi baxıb. Yaxud başqa bir misal, Kazinform Azərbaycanda Novruz bayramının necə keçirildiyini qazaxıstanlı oxuculara AZƏRTAC-ın fotoları əsasında təqdim edib”.
Askar Umarov diqqətə çatdırıb ki, AZƏRTAC sədrlik etdiyi Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) çərçivəsində də Kazinforma hər zaman dəstək olur.
“Agentliyimizin texniki sahə üzrə direktor müavini Rəfael Qafarov bu yaxınlarda AZƏRTAC-ın texniki imkanları ilə tanış olub. Biz də bu təcrübəni tətbiq etmək niyyətindəyik. Agentliklər arasında aparılan təcrübə mübadiləsi əməkdaşlığımızın möhkəmlənməsinə yol açır. Biz dost və qardaş ölkələr, xalqlarıq. Bu, agentliklərimizin fəaliyyətinə də sirayət edir. Bir çox xəbərlərin yayılma formatında oxşarlıq var. Hər iki ölkənin paytaxtında müxbir məntəqələrimiz fəaliyyət göstərir. Bununla yanaşı, xəbərlərin yayılmasında onlayn resurslardan da istifadə edirik. Əməkdaşlığımızın miqyasını, həmçinin xəbər mübadiləsinin statistikasından aydın görmək olar”, - deyə Askar Umarov bildirib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan