İQTİSADİYYAT
Aşkarlanmış çatışmazlıq səbəbindən 18 qaz təchizat layihəsinin qeydiyyata alınmasından imtina edilib
Bakı, 12 mart, AZƏRTAC
Cari ilin fevralında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən 23 tikinti obyektinin enerji təchizat layihəsinin ekspertizası keçirilib və qeydiyyata alınıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, enerji təchizat layihəsinin ekspertizası nəticəsində aşkar olunmuş çatışmazlıq səbəbindən 5 enerji təchizat layihəsinin qeydiyyata alınmasından imtina edilib.
Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 20 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 300 tikinti obyektinin qaz təchizatı layihəsinin ekspertizası keçirilib və qeydiyyata alınıb.
Qaz təchizat layihəsinin ekspertizası nəticəsində aşkar olunmuş çatışmazlıq səbəbindən 18 qaz təchizat layihəsinin qeydiyyata alınmasından imtina edilib. 56 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib.
“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 4 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.
Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 8 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.