CƏMİYYƏT
Aşkenazi yəhudilərinin baş ravvini: Şadıq ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib
Bakı, 27 Sentyabr, AZƏRTAC
Biz bu gün Vətən müharibəsində həyatını qurban verən şəhidlərimizi anırıq. Şadıq ki, müharibə başa çatıb və nəhayət, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda Avropa Yəhudiləri Sinaqoqunda şəhidlərin anım mərasimində
Azərbaycanın aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal bildirib.
Baş ravvin diqqətə çatdırıb ki, yəhudi icması olaraq Azərbaycanın tərkib hissəsiyik və ölkədəki anım mərasimlərində iştirak edirik, çünki biz də bu ölkənin vətəndaşlarıyıq. Bu gün səhər, həmçinin yəhudi məktəblərində şəhidlərimizin xatirəsi anılıb. İnanırıq ki, şəhidlərimiz cənnətdədir. Valideynləri itirmiş uşaqlar, həyat yoldaşlarını itirmiş qadınlar, övladlarını itirmiş valideynlər üçün dua edirik.
“Mən əminəm, şəhidlərimiz bu gün səmadan bizi izləyir və sevinirlər ki, biz onları unutmuruq. Bu gün müxtəlif dinlərə etiqad edənlərin birlikdə şəhidləri anmasının şahidiyik. Bütün sinaqoqlarımızda, məscidlərimizdə və kilsələrimizdə şəhidlərimizin xatirəsi yad edilir. Mən bu gün hər kəsi dua etməyə çağırıram. Əminəm ki, Azərbaycan bundan sonra tərəqqi yolunda irəliləyəcək”, - deyə Şneor Seqal vurğulayıb.