REGİONLAR
Əsl nehrə yağı necə olmalıdır? REPORTAJ VİDEO
Göygöl, 14 aprel, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycanda qədim dövrlərdən bu günə qədər gəlib çıxan və geniş istifadə olunan təbii süd məhsullarından biri nehrə yağıdır. İnsan orqanizmi üçün olduqca faydalı olan bu yağ əsasən rayon yerlərində və kəndlərdə şəxsi təsərrüfatlarda hazırlanır. Qiyməti baha olsa da, nehrə yağına tələbat çoxdur.
AZƏRTAC-ın bölgə müxbiri Göygöl rayonunun Üçbulaq kəndində Bənövşə Həsənovanın evinə baş çəkib, nehrə yağının hazırlanma prosesi ilə tanış olub.
Bənövşə nənə hər axşam mal-qarası örüşdən qayıtdıqdan sonra inəklərin südünü sağır. Sağılan südü təxminən 10-15 gün saxladıqdan sonra ondan nehrə yağı hazırlayır. O, nehrə yağının tərkibinin zəngin olması və saxlanma müddətinin uzun olmasına görə digər yağlardan fərqləndiyini deyir: “Dağlarda min bir növ çiçəklə, təbii otlarla otlayan mal-qaranın südünün tərkibi də zəngin olur. Həmin süddən hazırlanan nehrə yağının dadına və keyfiyyətinə isə söz ola bilməz. Nehrə yağının xüsusi hazırlanma qaydası var. İndi bəzi yerlərdə yeni üsullarla - maşınlarla, yaxud müxtəlif vasitələrlə hazırlayırlar, amma heç biri ənənəvi üsulla hazırlanan nehrə yağının dadını vermir”.
Nehrə yağını hazırlamaq üçün xüsusi nehrəgir düzəldilir. Taxtadan nehrəgir hazırlamaq üçün palıd ağacından 1,5 və ya 2 metr uzunluğunda tir kəsilərək içi oyulur. Yağ hazırlanmazdan iki gün əvvəl nehrəgir isladılır. İçərisinə süd əlavə olunduqdan sonra südün keyfiyyətindən asılı olaraq, iki tərəfindən asılan ipdən tutmaqla 1-2 saat müddətində önə-arxaya doğru silkələnir. Yağ hazır olub nehrəgirdən çıxarıldıqdan sonra onun suyundan, yəni ayranından da şor hazırlanır.
Müsahibimiz deyir ki, ənənəvi nehrə yağını hazırlayan insanların sayı az olsa da, tələbat çoxdur: “Uzaqdan kəndimizə gələn qonaqlar bizim nehrə yağını həvəslə alırlar. Bu yağla bişirilən yeməklər çox dadlı olur. Yağın kilosunu 20-25 manata satırıq. Çünki nehrə yağı insanı tox tutur, tərkibi zəngindir. Orqanizmdə maddələr mübadiləsini gücləndirir, enerji və güclə təmin edir”.
Müasir dövrdə ənənəvi üsulla nehrə yağı hazırlamaq qaydası unudulmaqda olsa da, hələ də onu yaşadanlar var. Bənövşə nənənin qayğılarından biri də odur ki, ondan sonra bu işlə nə övladları, nə də nəvələri məşğul olmayacaq.