İDMAN
Aslan Ağayev: Dünya çempionatında qadın güləşçilərimizdən uğur gözləyirik
Bakı, 3 oktyabr, AZƏRTAC
Güləş üzrə dünya çempionatında qadın güləşçilərdən ibarət Azərbaycan yığmasıdan uğur gözləyirik. Pəhləvanlarımız son Avropa çempionatında, Yaşar Doğunun xatirə turnirində və Aleksandr Medvedin şərəfinə keçirilən yarışlarda böyük nailiyyətlər qazanıblar.
2018-ci ilin ən nüfuzlu yarışında da komandamız yeni qələbə qazanmaq əzmindədir.
Bu sözləri AZƏRTAC-a qadın güləşçilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Aslan Ağayev deyib. Təlim-məşqlərin yüksək səviyyədə davam etdirildiyini qeyd edən A. Ağayev komanda üzvlərinin yaxşı fiziki formada olduğunu vurğulayıb.
Baş məşqçi mundialda Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyevanın (76 kq) mübarizə aparacaqlarını bildirib.