İDMAN


Aslan Ağayev: Qadın güləşçilərdən ibarət Azərbaycan yığması dünya çempionatına İstanbulda hazırlaşacaq

Bakı, 3 oktyabr, AZƏRTAC 

Qadın güləşçilərdən ibarət Azərbaycan yığması oktyabrın 5-də İstanbulda təlim-məşq toplanışına başlayacaq. Ayın 20-dək davam edəcək təlim-məşq toplanışı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, yığmamızın baş məşqçisi Aslan Ağayev yarışa hazırlıqla bağlı açıqlamasında komandamızın səfər ərəfəsində sentyabrda Minskdə Aleksandr Medvedin şərəfinə keçirilən beynəlxalq turnirdəki çıxışını dəyərləndirərək deyib: “Belarusda yerli komanda ilə yanaşı, Latviya, Hindistan və Macarıstan yığmaları ilə birlikdə yüksək səviyyədə təlim-məşq toplanışı keçdik. Daha sonra ənənəvi yarışa qatıldıq. Yeddi güləşçimizdən beşi medal qazandı. Daha yüksək nəticə də göstərə bilərdik. Ancaq bu çıxış da bizi qane edir. Bu, dünya çempionatı ərəfəsində bizim üçün çox vacib idi. Mariya Stadnik isə buna qədər Polşada keçirilən yarışın qalibi oldu”.

Millinin çalışdırıcısı gənc güləşçilərimizin hazırlığı ilə bağlı danışarkən deyib: “Minskdə medal qazana bilməyən Türkan Nəsirova gənclər arasında dünya və Avropa çempionudur. Deməzdim ki, böyüklər arasında özünü göstərə bilmir. Sadəcə, onun çəkisi 50 kiloqramdan aşağıdır. Bu da istər-istəməz idmançımızın çıxışına təsir göstərir. O, əzələ kütləsini bir qədər artırsa, böyüklər arasında da uğurlar qazanacaq. İstanbuldakı təlim-məşq toplanışında Türkan da yer alacaq. Gənclər arasında Avropa çempionatında gümüş medal qazanan Tatyana Vorontsova da millinin heyətində olacaq. O, Türkiyədə taktiki-texniki hazırlıq üzərində çalışacaq. İstedadlı gənc güləşçilərimizdən biri də gənclər arasında dünya və Avropa çempionu Leyla Qurbanovadır. Ancaq onun zədəsi var. İlin sonunda bərpa prosesi başa çatacaq və yığmanın tərkibinə qoşulacaq”.

Baş məşqçi Mariya Stadnikin dünya çempionatına Ukraynada hazırlaşdığını söyləyib: “Mariya Kiyevdə Ukrayna yığması ilə birlikdə toplanış keçir. Çünki həmin komandada ona uyğun sparrinq rəqiblər var. Türkiyədə isə onun çəkisində elə də güclü güləşçi yoxdur ki, onunla məşq etsin”.

Aslan Ağayev mundialda ölkəmizin 8 çəki dərəcəsində təmsil olunacağını bildirib.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 20-dən 28-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.