SİYASƏT
Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 29-da Aşqabadda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Türkmənistanın xarici işlər naziri Raşid Meredovun və Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlunun sayca ikinci üçtərəfli görüşü keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər hər üç ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər. Eyni zamanda, Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin iştirakı ilə üçtərəfli görüşün təşkil edilməsi ilə bağlı razılıq əldə olunub.
Görüşdə iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bu sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə tərəflər işçi görüşlər səviyyəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd ediblər. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı əlaqələndirmə məsələləri ətrafında müzakirələr aparıblar.
Nazir Elmar Məmmədyarov görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin regionda nəqliyyat infrastrukturunun daha da inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Elmar Məmmədyarov təhsil sahəsində əməkdaşlığın xüsusi əhəmiyyətini qeyd edərək, ADA Universitetinin rektoru Hafiz Paşayevin bu görüşlərdə iştirakının müsbət hal olduğunu diqqətə çatdırıb.
Dünyada cərəyan edən hadisələrin fonunda belə formatda üçtərəfli görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayan Elmar Məmmədyarov bunun Azərbaycan, Türkmənistan və Türkiyə əlaqələrinin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini söyləyib.
Sonda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin ikinci üçtərəfli görüşünün nəticələrinə dair Birgə Bəyanat imzalanıb.
Bəyanatın tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
http://mfa.gov.az/index.php?options=news&id=14&news_id=2806&language=az