Aşqabadda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına üzv ölkələrin nazirlərinin növbəti konfransı keçirilib
AzerTAg.az
Aşqabad, 15 noyabr, AZƏRTAC
Türkmənistanda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) üzv ölkələrin 17-ci nazirlər konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, “CAREC 2030: “Ticarətin artırılması və şaxələndirmənin təşviqi” adlı konfrans Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə təşkil edilib. Azərbaycanı konfransda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edir.
Prezident Qurbanqulu Berdiməhəmmədov tədbir iştirakçılarına müraciətində bildirib ki, Türkmənistan bu Proqramın əsas prinsiplərini və onun çərçivəsində həyata keçirilən layihələri dəstəkləyir. Bu il ölkəmiz enerji, ticarət, gömrük, nəqliyyat, turizm, iqtisadi dəhlizlərin formalaşması və insan kapitalının inkişafı kimi sahələrdə fəal əməkdaşlığın inkişafı üçün bu nüfuzlu Proqrama rəhbərlik edir. CAREC çərçivəsində Türkmənistan nəqliyyat layihələrinin planlaşdırılmasında və həyata keçirilməsində iştirak edir.
Konfransda Proqramın gələcək inkişaf istiqamətləri, ticarət və gömrük siyasəti, nəqliyyat və energetika sahələri üzrə regional strategiyalar, gələcək tədbirlər planı, iqtisadi dəhlizlərin formalaşması və turizm məsələləri müzakirə olunub.
Yekunda CAREC-in 2030-cu ilədək Ticarətdə İnteqrasiya Planı və 2018-2020-ci illər üçün Strateji Plan qəbul edilib.
Tədbir çərçivəsində Proqrama üzv ölkələrdən (Azərbaycan, Əfqanıstan, Türkmənistan, ÇXR, Qazaxıstan, Qırğızıstan, Monqolustan və Özbəkistan) olan nümayəndələrin iştirakı ilə regional əməkdaşlıq mövzusunda seminarlar keçirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad

Xəbərin mətnində orfoqrafik səhv var