SİYASƏT
Aşqabadda Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın işlənib hazırlanması üzrə Xüsusi İşçi Qrupun 49-cu iclası keçirilib
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 1-2-də Aşqabadda Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupun 49-cu iclası keçirilib.
Azərbaycan Xarici işlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasın işində X.A.Xələfovun rəhbərliyi ilə Azərbaycan Respublikasının, E.Rəhimpurun rəhbərliyi ilə İran İslam Respublikasının, Z.A.Amanjolovanın rəhbərliyi ilə Qazaxıstan Respublikasının, İ.B.Bratçikovun rəhbərliyi ilə Rusiya Federasiyasının və M.Q.Atacanovun rəhbərliyi ilə Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər.
Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, Türkmənistanın xarici işlər naziri R.O.Meredov danışıqların iştirakçılarını salamlayıb. İclasda Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri M.Q.Atacanov sədrik edib.
Nümayəndə heyətləri iclasda Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya layihəsinin razılaşdırılmamış qalan müddəalarını müzakirə ediblər. Aparılmış danışıqlar nəticəsində Konvensiya layihəsinin bir sıra müddəaları razılaşdırılıb.
Nümayəndə heyətləri aparılmış danışıqların yekunlarını müsbət qiymətləndirib və görüşün yüksək səviyyədə təşkil edilməsinə görə Türkmənistana təşəkkürlərini bildiriblər. İşçi qrupun növbəti iclasının İran İslam Respublikasında keçirilməsi barədə razılaşma əldə edilib. Həmin iclasın keçiriləcəyi müddətlər diplomatik kanallarla razılaşdırılacaq.