İQTİSADİYYAT
Aşqabadda keçirilən SPECA iclasında Azərbaycanın dünya miqyaslı layihələrindən danışılıb
Aşqabad, 20 noyabr, AZƏRTAC
Türkmənistanın paytaxtı Aşqabadda BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatı üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində “Qarşılıqlı əlaqə: Regionda ticarətin asanlaşdırılması və dayanıqlı nəqliyyat” mövzusunda yüksək səviyyəli şuranın 14-cü sessiyası keçirilir.
AZƏRTAC xəbər verir ki, sessiyada ölkəmizi İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Azərbaycanda ticarətin asanlaşdırılması istiqamətində aparılan mühüm islahatlar, əldə olunan nailiyyətlər barədə məlumat verən S.Məmmədov son illərdə aparılan islahatlar nəticəsində beynəlxalq nəqliyyat dəhlizlərində ölkəmizin mövqeyinin sürətlə yüksəlməsi və regionda nəqliyyat dəhlizlərinin mərkəzlərindən birinə çevrilməsi barədə danışıb.
O bildirib ki, Azərbaycanın SPECA-ya üzv ölkələrlə dərin iqtisadi əməkdaşlıq əlaqələri mövcuddur. Bu ölkələrlə əlaqələr ikitərəfli və çox tərəfli qaydada, o cümlədən SPECA çərçivəsində daim genişlənir, ticarət əlaqələrində müsbət artım tendensiyası müşayiət olunur. Belə ki, 2019-cu ilin ilk 9 ayında Azərbaycanın SPECA-ya üzv ölkələrlə ticarət dövriyyəsi 21,7 faiz artaraq təxminən 470 milyon ABŞ dollar təşkil edib.
Bundan başqa nazir müavini Azərbaycanda həyata keçirilən TANAP və TAP kimi dünya miqyaslı layihələrin, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması ilə “Şərq-Qərb”, “Şimal-Cənub”, “Cənub-Qərb” dəhlizləri üzrə Azərbaycanın regionda tranzit sahəsində də rolunun yüksəldiyini qeyd edib. Eyni zamanda, ölkəmizdə aparılan islahatların beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini ifadə edən S.Məmmədov “Doing Busines 2020” hesabatında Azərbaycanın dünyanın ən islahatçı 20 ölkəsi sırasına daxil edildiyini, sonuncu hesabatda ölkəmizin 190 ölkə arasında 34-cü yerdə qərarlaşdığını və kreditin alınmasına görə dünyada ilk yeri tutduğunu iştirakçıların diqqətinə çatdırıb.
Sessiyada Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov da iştirak edib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad