SİYASƏT
Aşqabadda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdirVİDEO
Aşqabad, 11 may (AZƏRTAC). Azərbaycanın Türkmənistandakı səfirliyinin təşkilatçılığı ilə Aşqabaddakı “Nusay” otelində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbir çərçivəsində açılmış sərgidə “Heydər Əliyev. Şəxsiyyət və zaman” altıcildlik tədqiqat romanı, türkmən dilinə tərcümə edilmiş “Geydar Alıyev “Ajayyıb adamlaryn durmuşy” kitabı, “Heydər Əliyev və Şərq”, “Heydər Əliyev və Azərbaycanın milli siyasəti” kitabları, “Heydər Əliyev - müstəqilliyimiz əbədidir” çoxcildliyi və digər nəşrlər nümayiş etdirilmişdir.
Tədbirdə dost ölkənin dövlət qurumlarının nümayəndələri, Aşqabadda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, burada yaşayan azərbaycanlı iş adamları iştirak etmişlər.
Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə tədbirdə çıxış edərək Ümummilli Liderin xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi, milyonların məhəbbətini qazanan dahi öndər kimi qaldığını bildirmişdir. V.Sultanzadə ulu öndər Heydər Əliyevin hakimiyyətinin sovet dönəmi Azərbaycanda ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində möhtəşəm quruculuq dövrü olduğunu, milli mənəviyyat hissi ilə zəngin olan bu quruculuq dövrünün baş memarı dahi rəhbər Heydər Əliyevin olduğunu vurğulamışdır.
Daha sonra diplomat Ümummilli Liderin müasir dövlət yaratmaqla bərabər, onun gələcək illərə hesablanmış inkişaf strategiyasını da müəyyən etdiyini, öz zəmanəsini qabaqlayaraq, Azərbaycanın qarşısında duran strateji vəzifələri dəqiq göstərdiyini bildirmişdir. Dünya şöhrətli siyasi xadim kimi fenomenal zəkaya, fitri istedada, analitik təfəkkürə malik olmuş ulu öndər Heydər Əliyevin nüfuzu onun xalqımız qarşısında əvəzsiz xidmətləri, özünün nəsillərə nümunə olacaq həyat fəaliyyəti, Azərbaycanın çiçəklənməsi yolunda atdığı uğurlu addımları ilə bağlıdır.
Səfir Azərbaycan-Türkmənistan əlaqələrinin yüksək səviyyədə olduğunu, ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edənlər Türkmənistan-Azərbaycan dostluq münasibətlərinin dərin köklərə malik olduğunu, xalqlarımız arasında əlaqələrin inkişafı və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun xidmətlərini vurğulamışlar. Natiqlər ölkələrimiz arasında iqtisadi və siyasi əlaqələrin gündən-günə inkişaf etdiyini və genişləndiyini qeyd etmişlər.
İlahə Əhmədova
AZƏRTAC-ın müxbiri
Aşqabad