ELM VƏ TƏHSİL


Aşqarlar Kimyası İnstitutu 7 nömrəli orta məktəbin “Kiçik Akademiya”sına elmi dəstək verəcək

Aşqarlar Kimyası İnstitutu 7 nömrəli orta məktəbin “Kiçik Akademiya”sına elmi dəstək verəcək

Bakı, 15 mart, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) Bakı şəhəri M.Rahim adına 7 nömrəli orta məktəbin nəzdində fəaliyyət göstərən “Kiçik Akademiya”ya elmi dəstək verəcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bununla bağlı razılıq martın 15-də məktəb rəhbərliyi ilə keçirilən görüşdə əldə olunub.

Elmi müəssisənin baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, fitri istedadı olan şagirdlərdə aşağı yaş qruplarından başlayaraq elmə marağın yaradılması üçün məktəblərlə birgə iş aparmaq lazımdır: “Fizika, kimya, biologiya kimi qavranılması bir qədər çətin olan təbiət fənlərinin maraqlı tərəfi laboratoriya təcrübələrinin aparılmasıdır. Şagirdlərə dərsləri təcrübə əsasında tədris edəndə həmin fənlərə maraq oyanır və sevməyə başlayırlar. Eyni zamanda, hər hansı bir elmi ideyalar da xüsusi maraqdan yaranır”.

V.Fərzəliyev məktəblilərin elmə həvəsləndirilməsi üçün Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Sabahın alimləri” respublika müsabiqəsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Bildirib ki, bu layihə çərçivəsində indiyə qədər həm paytaxt, həm də regionlarda yerləşən bir çox məktəblərlə əməkdaşlıq qurulub, nəticə etibarilə şagirdlərin institutun laboratoriyalarında yerinə yetirdikləri layihələr həmin müsabiqə və beynəlxalq bilik yarışlarında qalib olublar.

V.Fərzəliyev institut tərəfindən yerinə yetirilən “Bu günün şagirdi, sabahın alimi” layihəsi çərçivəsində 7 saylı məktəblə də elmi əməkdaşlığın mümkün olduğunu, buna uyğun olaraq məktəbdə şagirdlər üçün AKİ-nin aparıcı alimlərinin təqdimatında ustad dərslərinin təşkili, məktəblilərin institutun laboratoriyalarına ekskursiyası, birgə startap layihələrinin yerinə yetirilməsi və s. işlərin həyata keçiriləcəyini vurğulayıb.

Məktəbin direktoru Könül Təhməzova rəhbərlik etdiyi tədris müəssisəsində “Kiçik Akademiya”nın fəaliyyət göstərdiyini, orada istedadlı şagirdlərin müxtəlif elmi layihələr həyata keçirdiklərini söyləyib. O, istedadlı şagirdlərin bir qrupunun bir müddət öncə Aşqarlar Kimyası İnstitutuna ekskursiyasının onlarda böyük təəssürat yaratdığını bildirib.

K.Təhməzova institutla əməkdaşlığın böyük maraq doğurduğunu və bunun istedadlı şagirdlərinin elm yoluna istiqamətlənməsinə böyük təkan verəcəyini qeyd edib.

Görüşdə institutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev, elmi katibi Mehparə Səfərova, Həmkarlar Təşkilatının sədri Elxan İsakov və 7 saylı məktəbin kimya müəllimi Səadət Nəcəfova müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.